Bahar Muradova: Şəffaflığı təmin etməyən platformalara məhdudiyyətlər tətbiq ediləcək

Sosial müdafiə
  • 18 iyun, 2026
  • 15:31
Bahar Muradova: Şəffaflığı təmin etməyən platformalara məhdudiyyətlər tətbiq ediləcək

Hesabatlılığı və şəffaflığı təmin etməyən platformalara məhdudiyyətlər tətbiq ediləcək.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər" mövzusunda ictimai dinləmədə deyib.

O, onlayn məkanda uşaqların fəaliyyətinə nəzarət edilməsinin zəruriliyini vurğulayıb:

"Burada məsələ təkcə uşaqların müdafiəsi ilə məhdudlaşmır. Söhbət bütövlükdə cəmiyyətin və Azərbaycanın insan kapitalının inkişafından gedir. Yaranan yeni çağırışların önündə susmaq və gözləmək olmaz".

Komitə sədri qeyd edib ki, qanunvericiliyə son təklif olunan dəyişikliklər sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqini, azyaşlılar üzərində valideyn nəzarətinin gücləndirilməsini və yaşla bağlı əldə edilən məlumatların qorunmasını nəzərdə tutur:

"Bütün bunlar insanların sosial platformalarda özünüifadə azadlığını məhdudlaşdırmağa deyil, rəqəmsal mühitin daha təhlükəsiz və məsuliyyətli şəkildə tənzimlənməsinə xidmət edir. Texnologiyaların sürətli inkişafı həyatımıza yeni imkanlarla yanaşı, yeni çətinliklər və təhlükələr də gətirir. Hesabatlılığı və şəffaflığı təmin etməyən platformalara məhdudiyyətlər tətbiq ediləcək. Qanun qəbul edildikdən sonra elmi və akademik dairələr tərəfindən sosial platformaların uşaqların həyatına, cəmiyyətə təsirləri araşdırılıb, müəyyənləşdirilməlidir".

44 filmi