Bahar Muradova: Azərbaycanda qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıb

Sosial müdafiə
  • 30 aprel, 2026
  • 14:51
Bahar Muradova: Azərbaycanda qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıb

Azərbaycanda qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıb.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda Bakıda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, qadınların fəallığının artması üçün həyata keçirilən tədbirlər müsbət nəticələrini sürətlə göstərir:

"Qadınlar üçün iqtisadi imkanların genişləndirilməsi, sahibkarlıq fəaliyyətinə cəlb olunma və məşğulluğun artırılması istiqamətində görülən müvafiq tədbirlər nəticəsində onların rolu artır. Bu gün qadınlar sosial həyatın fəal iştirakçıları olmaqla, həm də ölkənin iqtisadi inkişafına töhfə verən aktiv biznes subyektlərinin rəhbərləri kimi çıxış edirlər".

Komitə sədri onu da vurğulayıb ki, qadınların tam və bərabər iştirakı olmadan inklüziv inkişaf təmin edilə bilməz:

"Ailə cəmiyyətin təməlidir, milli kimliyimizin daşıyıcısıdır. Qadın bu təməlin yaradıcısı və aparıcı qüvvəsidir. Uşaq isə dövlətimizin gələcəyidir, onun davamlı inkişafının təminatıdır. Bu üç istiqamət ayrı-ayrılıqda deyil, bir-biri ilə sıx bağlı olan vahid sistem kimi Azərbaycanın dayanıqlı inkişaf modelinin əsasını təşkil edir".