"ARB Günəş"in "Laylay" layihəsi təqdim olunub
- 07 oktyabr, 2026
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
"ARB Günəş" televiziyasının yeni layihəsi olan "Laylay" təqdim olunub.
"Report" xəbər verir ki, Dost İnklüziv Yaradıcılıq və İnkişaf Mərkəzində keçirilən təqdimat mərasimində həssas qruplara aid uşaq və yeniyetmələr layihənin ilk izləyiciləri sırasında yer alıb.
"ARB Günəş" televiziyasının direktoru, layihənin baş prodüseri Məhsim Məhsimov bildirib ki, əsas məqsəd Azərbaycan layla mədəniyyətini müasir ekran dili ilə təqdim etmək, milli-mədəni irsimizi yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır:
"Laylay"da Azərbaycan ailəsinin sevgisi, ana nəvazişi, nənə duası və milli-mənəvi dəyərlər ön plana çıxarılır.
Ekran işinin çəkilişləri Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şəkidə aparılıb. Şəhərin tarixi küçələri, memarlıq nümunələri, xalçaçılıq və kəlağayı sənəti, eləcə də Şəkinin füsunkar təbiəti mahnının emosional ovqatı ilə bir araya gətirilib.
"Laylay" – sözləri Azərbaycanın Xalq şairi Süleyman Rüstəmə, musiqisi isə görkəmli bəstəkar Şəfiqə Axundovaya məxsus sənət əsəridir. Layihənin ifaçıları Azərbaycanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalardır".
"Laylay" layihəsinin quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifi Çimnaz Şixverdiyeva, quruluşçu operatoru Azər Sultanov, prodüseri Ramin Mustafayev, baş prodüseri isə Məhsim Məhsimovdur.
Eləcə də, tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə 5 ildir ki, həssas kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası və inklüziv dəyərlərin təşviqi istiqamətində ardıcıl, innovativ layihələrə imza atılır.
Çıxışlardan sonra "Laylay" klipi ilk dəfə nümayiş etdirilib.
Layihənin gələcəkdə müxtəlif beynəlxalq festivallarda təqdim edilməsi nəzərdə tutulur.