Agentlik rəhbəri: Bakıda keçiriləcək beynəlxalq konfransda sosial müdafiə mövzuları gündəmə gətiriləcək
- 20 oktyabr, 2025
- 16:35

Bakıda oktyabrın 24-də keçiriləcək "SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün" adlı beynəlxalq konfransda sosial müdafiə mövzuları gündəmə gətiriləcək.
"Report" xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov sözügedən tədbirə həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, SOCGOV 2025 beynəlxalq konfransı sosial xidmətlərin gələcək inkişafı, yeni idarəetmə yanaşmaları və beynəlxalq təcrübənin paylaşılması baxımından mühüm platforma olacaq.
Qeyd olunub ki, ilk dəfə keçiriləcək konfransın təşkilində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir:
"Tədbirdə vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzuları gündəmə gətiriləcək. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, həmçinin əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında müzakirələr aparacaqlar. Növbəti illərdə də bu cür tədbirlərin keçirilməsini planlaşdırırıq".
Konfransda məlumat verilib ki, tədbirdə dünyanın 20-dən çox ölkəsindən ümumilikdə 350-dən artıq nümayəndənin iştirakı gözlənilir.