Türkiyə şirkəti Azərbaycanda şokalad istehsalına 1 milyon dollar yatıracaq
- 02 dekabr, 2022
- 08:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin "RYS" şokolad fabriki ilə Azərbaycanda şokolad istehsalı fabrikinin qurulması barədə razılıq əldə edilib.
Bu barədə "Report"a Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov bildirib.
Onun sözlərinə görə, ilkin olaraq fabrikə 1 milyon ABŞ dolları məbləğində investisiyanın yatırılması planlaşdırılır:
"Bütün xərclər hesablandıqdan sonra investisiyanın həcmi konkretləşəcək. Fabrikin ərazisi 1 000 kvadrat metr olacaq. Bu, Türkiyə kapitallı bir şokalad istehsalı müəssisəsi olacaq. Fabrik sahibi Azərbaycanda olub. Bütün görüşlər keçirilib və razılıqlar alınıb. Ən qısa vaxtda fabrikin açılması planlaşdırılır".
C. Mövsümov bildirib ki, Assosiasiya həmçinin bir Macarıstan təşkilatı ilə danışıqlar aparır: "Azərbaycanda 12,5 milyon ABŞ dolları dəyərində bir avtomobil istehsalı müəssisəsinin qurulması planlaşdırılır. Müzakirələr ilkin mərhələdədir. Amma proseslər çox müsbət istiqamətdə gedir. Növbəti ilin ikinci rübünə qədər müzakirələr davam edə bilər. Çünki investisiya məbləği böyükdür.
Azərbaycan tərəfinin də bu fabrikin açılmasında marağının olması lazımdır. Gələn ilin ilk rübü üçün fabrik sahibinin Azərbaycana səfərini planlaşdırırıq. Bu da baş verərsə, növbəti mərhələdə proseslər daha sürətli olacaq".