“Trafigura" Azərbaycanın mis-molibden yatağından əldə olunan məhsulun bir hissəsinə eksklüziv hüquq əldə edib
- 13 iyun, 2024
- 09:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkətinin törəmə müəssisəsi olan “Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti mis konsentratının satışına dair “Trafigura Pte Ltd” ilə müqavilə imzalayıb.
“Report” şirkətə istinadən xəbər verir ki, “AIMC və “Trafigura” arasında mis konsentratının satışı ilə bağlı əvvəlcədən ödəniş (avans) haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Trafigura” şirkəti konsentratın satın alınması üçün AIMC-yə 5 milyon ABŞ dolları məbləğində ilkin ödəniş edəcək”, - məlumatda vurğulanıb.
Müqavilənin şərtlərinə əsasən, AIMC dərhal 3 milyon ABŞ dolları və filiz emalı flotasiya qurğusunun yenidən işə salınması ilə 2 milyon ABŞ dolları əldə edəcək. Bununla yanaşı, avans qarşılığında “Trafigura”ya mis konsentratı tədarük ediləcək: “Müqavilə ilə “Trafigura” həmçinin Qarabağ iqtisadi rayonundakı “Dəmirli” mis-molibden yatağından hasilatın birinci ilində əldə olunacaq hasilatın həcminin 50 %-ni almaq üçün eksklüziv hüquq əldə edib".
Məlumata görə, müqavilə 31 dekabr 2024-cü il tarixinədək qüvvədədir. AIMC “Trafigura”ya kifayət qədər konsentratın tədarükünü gözləyir: “Trafigura” ilə imzalanmış müqavilə AIMC-yə növbəti bir neçə ay ərzində əməliyyatlarını maliyyələşdirməkdə əlavə çeviklik təqdim edir”.
Xatırladaq ki, “Dəmirli” müqavilə sahəsi Azərbaycanın Qarabağ iqtisadi rayonunda “Qızılbulaq” müqavilə sahəsinə (Tərtər rayonunda) bitişikdir, bu da işlənmə zonasının şimal-şərq istiqamətində genişləndirilməsinə imkan verəcək. “Dəmirli” 74 kv. km ərazini əhatə edir. Bu müqavilə sahəsinə “Dəmirli” mis-molibden yatağı daxildir. 2016-cı ilin yanvar ayına olan təsdiqlənməmiş məlumatlara görə, yatağın tərkibində təxminən 275 min ton mis və 3,2 min ton molibden var.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.