Sumqayıtda ildə 3 120 tondan çox laminatlı və polipropilen kisə istehsal ediləcək

Sənaye
  • 29 yanvar, 2026
  • 12:13
Sumqayıtda ildə 3 120 tondan çox laminatlı və polipropilen kisə istehsal ediləcək

Sumqayıtda ildə 3 120 tondan çox laminatlı və polipropilen kisə istehsal ediləcək.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən "Nun" MMC-nin direktoru Ələsgər Mustafayev Prezidentin izi ilə müəssisəyə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, ötən il parkın rezident statusunu alan şirkət tərəfindən həyata keçiriləcək layihə çərçivəsində bir hektar ərazidə istehsal müəssisəsinin inşası nəzərdə tutulur:

"Almaniya texnologiyası əsasında qurulacaq zavodun illik istehsal gücü 1 680 ton laminatlı kisə və 1 440 ton polipropilen kisə olmaqla, ümumilikdə 3 120 tondan çox olacaq. İstehsal ediləcək məhsullar əsasən daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək".

Ə.Mustafayev bildirib ki, layihənin icrası nəticəsində 140 daimi iş yerinin yaradılması planlaşdırılır:

"İnvestisiya dəyəri 11,2 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat məbləğində güzəştli kreditin ayrılması nəzərdə tutulub. Eyni zamanda müəssisə üçün idxal ediləcək avadanlıqların ƏDV və gömrük rüsumlarından azad olunması planlaşdırılır".

Direktor həmçinin vurğulayıb ki, müəssisədə istehsal olunacaq kisələr əsasən kənd təsərrüfatı, sənaye və tikinti sahələrində qablaşdırma məqsədilə istifadə ediləcək:

"İstehsal prosesində əsas xammal kimi "SOCAR Polymer" müəssisəsinin yerli polipropilen məhsullarından istifadə olunacaq. Bu yanaşma yerli istehsalın dəstəklənməsinə və məhsulların keyfiyyətinin artırılmasına xidmət edir".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında "Nun" MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub.

Son xəbərlər

Bütün Xəbər Lenti