Reza Vəziri: “Vejnəli” qızıl yatağında hasilatla bağlı işlər müvəqqəti dayandırılıb”

Sənaye
  • 03 oktyabr, 2023
  • 07:41
Reza Vəziri: “Vejnəli” qızıl yatağında hasilatla bağlı işlər müvəqqəti dayandırılıb”

Qarabağda baş verən son hadisələr səbəbindən Zəngilanda yerləşən “Vejnəli” qızıl yatağında hasilatla bağlı işlər müvəqqəti dayandırılıb.

Bunu “Report”a açıqlamasında Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo Asian Mining Plc." şirkətinin baş direktoru Reza Vəziri deyib.

O bildirib ki, “Vejnəli” yatağının işlənməsi ilə bağlı fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) ilə müqavilə imzalanıb: “ANAMA bizim çalışacağımız sahədə yoxlamalar apardı, həmin yerlər tamamilə minalardan təmizləndi. Bu ərazilər qanunsuz olaraq talansa da, iş görmək üçün kifayət qədər filiz ehtiyatları var”.

R. Vəziri diqqətə çatdırıb ki, orada hasilata başlamaq üçün hazırlıq işləri aparılıb: “Lakin baş verən son hadisələr nəticəsində “Vejnəli”dən müvəqqəti çıxmışıq. Azərbaycan dövləti yenidən qayıtmaq üçün icazə verdikdə təkrar işlərə başlayacağıq”.

Qeyd edək ki, “Veynəli” yatağı 1959-1962-ci illərdə kəşf edilib, geoloji kəşfiyyat işləri 1962-1971, 1976-1981 və 1983-1984-cü illərdə həyata keçirilib. “Vejnəli” qızıl yatağının müqavilə sahəsi təxminən 300 kvadrat kilometri təşkil edir. Yataq 1984-cü ildə Resurslar üzrə Komissiya tərəfindən qeydiyyata alınıb və Azərbaycan Respublikasının dövlət mineral resurslar balansına daxil edilib. Təsdiq edilmiş ehtiyatlar: C1 kateqoriyasına aid filizlər – 183 min ton, qızıl 2 169 ton, C2 kateqoriyasına aid filiz – 433 min ton, qızıl 4 347 ton; C1 kateqoriyasına aid gümüş – 0,19 ton; C2 kateqoriyasına aid gümüş – 9,9 ton; C1 kateqoriyasına aid mis – 9,2 min ton, C2 kateqoriyasına aid mis – 2 800 ton.

Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.

Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.

44 filmi