Reza Vəziri: "Gələn ildən Gədəbəydə filiz emalı qurğusu işə salınacaq"
- 27 sentyabr, 2023
- 11:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti 2024-cü ildə Gədəbəy müqavilə sahəsində flotasiya üsulu ilə filiz emalı qurğusunun işə salınmasını planlaşdırılır.
“Report”un məlumatına görə, bunu “Anglo-Asian Mining” şirkətinin icraçı direktoru Reza Vəziri bildirib.
"Emal qurğusu 2024-cü ilə qədər fəaliyyətə başlamayacaq, baxmayaraq ki, bu, tullantı anbarının ikinci bəndinin kənar yoxlamaların nəticələrindən asılıdır”, - R. Vəziri qeyd edib.
Onun sözlərinə görə, nəticədə, bu ilin sonuna qədər hasilat yalnız topa qələviləşdirmə üsulu ilə olacaq və tam illik proqnoz hazırda 30-40 min unsiya qızıl ekvivalentinə endirilib: “Təəssüf ki, ətraf mühitə baxış zamanı flotasiya üsulu ilə filiz emalının azalması başa düşüləndir. Şirkət ekoloji baxışın düzgün aparılmasını təmin etmək və digər əlaqəli məsələləri sürətləndirmək üçün hökumətin bütün tələblərinə riayət edib".
R.Vəziri vurğulayıb ki, bu ilin ilk yarım ilində şirkətin nəticələri qənaətbəxş və gözləntilərə uyğun olub: “Çünki biz əsasən yalnız açıq karxanamızda faydalı qazıntıların hasilatını həyata keçirirdik”.
Bu səbəbdən, hesabat dövründə "Anglo-Asian Mining Plc." şirkətinin ümumi gəlirləri 30,8 milyon ABŞ dollar olub. Vergitutmadan əvvəlki mənfəət isə qızıl hasilatının azalması səbəbindən artan xərclər səbəbindən 1,4 milyon ABŞ dollara düşüb. Şirkətin nağd pul vəsaitlərinin həcmi 9,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin ilk 6 ayı ilə müqayisədə 3,4 milyon ABŞ dolları və ya 25,7 % azdır.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.