İZİA: Sumqayıt Sənaye Parkı çoxşaxəli sənaye mərkəzinə çevriləcək

Sənaye
  • 09 sentyabr, 2025
  • 17:25
İZİA: Sumqayıt Sənaye Parkı çoxşaxəli sənaye mərkəzinə çevriləcək

Sumqayıt Sənaye Parkının yalnız kimya sənayesinə deyil, həm də müxtəlif iqtisadi istiqamətlərin inkişafına xidmət edən çoxprofilli sənaye mərkəzi kimi formalaşdırılması nəzərdə tutulub.

Bunu "Report" a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov Sumqayıt Kimya Sənaye Parkının adından "kimya" sözünün çıxarılmasının parkın fəaliyyətinə necə təsir edəcəyinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkının sənaye parkına çevrilməsinin bir çox səbəbləri var: "Birinci və əsas səbəb odur ki, Sumqayıt Sənaye Parkında tək kimya sənayesinin inkişaf etdirilməsi və bu təyinatlı müəssisələrin təşkili deyil, parkın fəaliyyət sahəsi geniş sahəlidir. Burada iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsi nəzərdə tutulub. Məsələn, qablaşdırma, yüngül sənaye məhsulları, müxtəlif tikinti, metallurgiya sənayesi, informasiya-kommunikasiya texnologiyaları məhsullarının, həmçinin maşınqayırma sənayesi məhsullarının istehsalı parkın əsas fəaliyyət istiqamətlərindəndir. Bu sahələrin inkişaf etdirilməsi və bu istiqamətlərdə müəssisələrin təşkil edilməsi başlıca hədəflərdən biridir".

O qeyd edib ki, hazırda da Sənaye Parkında təkcə kimya sənayesi müəssisələri deyil, yuxarıda qeyd olunan sahələr üzrə müəssisələr fəaliyyət göstərir: "İkinci səbəb odur ki, hazırda Azərbaycanda olan digər sənaye parklarının adlarında onların iqtisadiyyatın hər hansı bir sahəsinə aid olduğu göstərilməyib. Məsələn, Pirallahı Sənaye Parkı əczaçılıq, yaxud Mingəçevir Sənaye Parkı tekstil sahələrinin inkişaf etdirilməsi üçün fokuslanıbsa, bunların heç birinin adlarında bu iqtisadiyyat sahələri qeyd edilməyib. Hər bir park və məhəllə (zona) yerləşdiyi bölgəyə uyğun adlandırılıb".

Qeyd edək ki, dünən Prezident İlham Əliyevin fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirilərək Sumqayıt Sənaye Parkı adlandırılıb. Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci tarixli  Fərmanı ilə yaradılıb. Parkın yaradılmasında məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Parka indiyə qədər 5,5 milyard manat investisiya yatırılıb.