Britaniya şirkəti Azərbaycandakı faydalı qazıntı ehtiyatları ilə bağlı proqnozunu açıqlayıb

Sənaye
  • 17 may, 2024
  • 15:11
Britaniya şirkəti Azərbaycandakı faydalı qazıntı ehtiyatları ilə bağlı proqnozunu açıqlayıb

Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." (AAM) şirkəti Azərbaycandakı qızıl ehtiyatlarını hazırda 328 min unsiya həcmində qiymətləndirir.

"Report" bu barədə şirkətin məlumatına istinadən xəbər verir.

“Hazırda şirkət Azərbaycanda Birgə Filiz Ehtiyatları Komitəsinin (JORC) standartına görə 200 min tondan çox mis və 328 min unsiya qızıl kimi qiymətləndirilən faydalı qazıntı ehtiyatlarına malikdir”, - AAM bildirir.

Şirkət xatırladıb ki, 2023-cü ildə Azərbaycanda 31,821 min unsiya qızıl ekvivalentində hasil edilib: “Anglo-Asian Mining”in AISC (all-in sustaining costs) qızıl hasilatının dəyəri 2022-ci ildəki 1 064 ABŞ dollarından 2023-cü ildə bir unsiya üçün 1 510 ABŞ dolları təşkil edib. Artımın səbəbi 2023-cü ildə hasilat səviyyəsinin xeyli aşağı düşməsi “Gədəbəy” müqavilə blokunda işlərin dayandırılması ilə əlaqədardır”.

Şirkət həmçinin bildirib ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə 55 milyon manat (32,3 milyon ABŞ dolları) məbləğində kredit xəttinin açılmasına dair saziş çərçivəsində,15 milyon ABŞ dolları borc götürülüb, onlardan 10 milyon ABŞ dolları 2024-cü ilin mayından 2026-cı ilə qədər, 5 milyon ABŞ dolları isə 2024-cü ilin mayında ödənilməlidir: “2024-cü ilin may ayında ödənilməli olan 5 milyon ABŞ dolları kredit bu yaxınlarda bir il uzadılıb və indi 2025-ci ilin mayında ödənilməlidir. Bundan əlavə, şirkət hazırda yuxarıda göstərilən kredit xətti çərçivəsində 10 milyon ABŞ dolları məbləğində əlavə kreditin verilməsi üçün ABB ilə danışıqlar aparır”.

Qeyd edək ki, hazırda şirkətin Azərbaycanda ümumi sahəsi 2 min 544 kvadrat kilometr olan 8 müqavilə sahəsi var. “Anglo Asian Mining” hazırda “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur.