Balaxanı Sənaye Parkının məhsullarının ixrac edildiyi ölkələr açıqlanıb

Sənaye
  • 14 oktyabr, 2021
  • 06:58
Balaxanı Sənaye Parkının məhsullarının ixrac edildiyi ölkələr açıqlanıb

Balaxanı Sənaye Parkında 23 rezident rəsmi olaraq qeydiyyatdan keçib və buradakı müəssisələrdə tullantılar təkrar emala cəlb olunub, yaşıl məhsul istehsalının artırılması istiqamətində fəaliyyətlər genişləndirilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Təmiz Şəhər“ ASC-dən bildirilib.

Bildirilib ki, qeydiyyatdan keçmiş rezidentlərdən 16-sı fəaliyyət göstərir.

Məlumata görə, cari il ərzində isə 4 rezident qeydiyyatdan keçib: “Sənaye Parkının rezidentləri tərəfindən tikinti materialları, işlənmiş qida və mühərrik yağları, kağız, plastik, rezin, və s. tullantılar təkrar emala cəlb olunmaqla, yeni məhsul istehsalı həyata keçirilir".

Balaxanı Sənaye Parkının ərazisi sahibkarların marağı nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 mart və 2020-ci il 31 yanvar tarixli sərəncamlarına əsasən müvafiq olaraq 1,3 hektar və 1,85 hektar artırılaraq, hal-hazırda 10,15 hektar təşkil edir.

Balaxanı Sənaye Parkının fəaliyyəti dövründə rezidentlər tərəfindən bura 44,7 milyon manat investisiya qoyulmuş və 800-dən çox yeni iş yeri açılıb. Rezidentlər tərəfindən ötən müddət ərzində ümumilikdə 81,9 milyon manat dəyərində məhsul istehsal edilib. Niderland, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya, Belarus daxil olmaqla 10,8 milyon manat dəyərində məhsul bir sıra xarici ölkələrə ixrac olunub.

Parkda müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad edilir. Eyni zamanda, istehsal məqsədi ilə idxal edilən texnoloji avadanlıqlar ƏDV-dən və idxal rüsumundan 7 il müddətinə azad olunur.

Xatırladaq ki, təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb. Sərəncamla İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Balaxanı Sənaye Parkının idarəedici təşkilatı təyin edilib.

44 - Tezliklə