AzMİ: Sənaye müəssisələrinin metrologiyaya yanaşması dəyişir
- 10 dekabr, 2025
- 12:24
Azərbaycanda sənaye müəssisələrinin metrologiyaya yanaşması dəyişir.
"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov Bakıda keçirilən "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, hazırda sənaye müəssisələrində tətbiq olunan termometrlər, manometrlər və digər ölçmə vasitələri vasitəsilə təhlükəsizliyə risk yarada biləcək parametrlər daim nəzarətdə saxlanılır: "Ölçmə cihazlarının düzgün işləməməsi gələcəkdə partlayışlara, qəzalara və ağır istehsalat risklərinə səbəb ola bilər. Metrologiya sənayedə müxtəlif təyinatlı ölçmə vasitələrinin dəqiq və etibarlı şəkildə işləməsini təmin edən əsas mexanizmdir və bu sahəyə marağın artması təhlükəsizliyin daha yüksək səviyyədə olmasına şərait yaradır".
X.Seyranov əlavə edib ki, metroloji xidmətlərin əldə edilməsi təkcə təhlükəsizliyin və məhsul keyfiyyətinin təmin edilməsi ilə kifayətlənmir, eyni zamanda müəssisələrə dəqiq məlumatlar əsasında düzgün biznes qərarları qəbul etməyə imkan yaradır: "Dəqiq ölçmə nəticəsində istehsal həcmi, məhsulun keyfiyyəti və proseslərin beynəlxalq standartlara uyğunluğu təmin olunur".