“Azərpambıq Aqrar Sənaye Kompleksi" xalis mənfəətini kəskin artırıb

Sənaye
  • 16 sentyabr, 2022
  • 12:02
“Azərpambıq Aqrar Sənaye Kompleksi xalis mənfəətini kəskin artırıb

"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2021-ci ili 23,632 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 22,6 dəfə çoxdur.

Ötən il “Azərpambığ”ın satışdan (əsas əməliyyat) gəlirləri 168,697 milyon manat (əvvəlki ilə nisbətən 2,2 dəfə çox), satışının maya dəyəri 131,719 milyon manat (83,3 % çox), ümumi və inzibati xərcləri 6,392 milyon manat (55,7% çox), digər gəlirləri 460 min manat (5,9% az), maliyyə xərcləri 1,191 milyon manat (8,2% az), mənfəət vergisi ödəmələri isə 6,222 milyon manat (23,8 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərpambığ”ın aktivləri 205,037 milyon manat olub ki, bu da illik müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 28,2 % azalaraq 48,522 milyon manata düşüb, balans kapitalı isə 18,4 % artaraq 156,515 milyon manata çatıb.

Xatırladaq ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 132,476 milyon manatdır. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Onun tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir.

44 filmi