“Azərpambığ”ın ixrac gəlirləri 4 dəfədən çox azalıb
- 27 iyul, 2023
- 14:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 10,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 37,1 milyon ABŞ dolları və ya 4,4 dəfə azdır.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.