Azərbaycanın mineral su istehsalçısı ixrac bazarlarını genişləndirəcək
- 22 oktyabr, 2021
- 07:48
Yeniliklərdən dərhal xəbərdar olun!
"Badamlı" Mineral Sular Zavodu məhsullarını Avropa bazarlarına ixracı üçün lisenziya alacaq.
Bunu "Report"a açıqlamasında "Badamlı" Mineral Sular Zavodunun direktoru Hümbət Qəhrəmanov deyib.
"Bu istiqamətdə işlərimiz davam edir. Özbəkistan və Ukrayna bazarlarında artıq fəaliyyətlərimiz başlayıb. Bu yaxınlarda Kanadaya da ilk ixracımızı həyata keçirdik", - H. Qəhrəmanov bildirib.
H.Qəhrəmanov qeyd edib ki, hazırda 5 ölkəyə məhsul ixrac olunur: "Bunlar Çin, Qazaxıstan, Rusiya, İraq, BƏƏ-dir. Rusiya bazarı bizim üçün yad bazar deyil. "Badamlı" 80-90-cı illərin sonlarına qədər orada fəaliyyət göstərib və tanınan markadır".
Onun sözlərinə görə, zavodun illik istehsal gücü 150 milyon ədəd butulkadır: "Hədəflərimiz böyükdür. 90-cı illərin sonlarına qədər "Badamlı" gündəlik 1 milyon ədəd ixrac gücünə malik idi. Hazırda biz o rəqəmə çatmaq üçün çalışırıq. "Badamlı"nı bazardakı layiq olduğu yerə gətirib çıxarmaq istəyirik".
H. Qəhrəmanov bildirdi ki, zavodun məhsulları minerallıq cəhətdən digər rəqib sulardan heç də geri qalmır: "Hətta onlardan üstün olduğunu deyə bilərəm. Rusiya bazarında ildən-ilə bizim payımız genişlənir. Bunun üçün biz bir çox işlər görürük", - deyə zavodun direktoru əlavə edib ki, "Badamlı"nın 18 çeşiddə məhsulu mövcuddur. Gələcəkdə bunların sayı artırılacaq.
Xatırladaq ki, "Badamlı" Zavodu 1947-ci ildən Şahbuz rayonunda fəaliyyət göstərirdi. 1970-ci və 1980-ci illər arasında həmin müəssisə yenidən qurulduqdan sonra məhsulun 90 %-i Azərbaycandan kənara göndərilirdi. 1990-cı ildə "Badamlı" Zavodunun fəaliyyəti yenidən bərpa edilib. Zavod 1999-cu ildə “Naxçıvan Mineral Sular İstehsalat Birliyi”nin tərkibindən çıxarılıb. 2004-cü ildə isə özəlləşdirilib.