Azərbaycandakı qızıl istehsalçısına Gədəbəydə hasilatın bərpasına icazə verilib

Sənaye
  • 27 sentyabr, 2023
  • 09:03
Azərbaycandakı qızıl istehsalçısına Gədəbəydə hasilatın bərpasına icazə verilib

Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkəti Gədəbəy müqavilə sahəsində aparılacaq flotasiya üsulu ilə filiz emalı qurğusunun işi və hasilatı ilə bağlı “Micon” müstəqil beynəlxalq konsaltinq şirkətinin yekun hesabatını Azərbaycan hökumətinə təqdim edib.

Bu barədə “Report”a Böyük Britaniya şirkətindən məlumat verilib.

Hesabata əsasən, Gədəbəy müqavilə sahəsində yerləşən zavod mərhələli şəkildə fəaliyyətini bərpa edə bilər. Bildirilir ki, müqavilə sahəsinin işinin bərpası hökumətlə razılaşdırılacaq qrafikə uyğun həyata keçiriləcək.

“Anglo Asian Mining” və Azərbaycan hökuməti Gədəbəydə fəaliyyət ilə bağlı “Mikon” şirkətinin tövsiyələrini həyata keçirmək üçün birlikdə çalışacaqlar.

Xatırladaq ki, “Micon” şirkəti Azərbaycan hökumətinin tapşırığı və Azərbaycanın “İqlim” ekoloji şirkətinin dəstəyi ilə Gədəbəydə filiz hasilatı və emalı obyektlərinin tam ekoloji inspeksiyasını keçirib. Şirkət “Azecolab" laboratoriyasında təhlil ediləcək ətraf mühit nümunələrinin dublikatlarının götürürlməsi üçün “Azecolab” şirkətini cəlb edib. Nümunələrin seçiminin ilkin nəticələri göstərib ki, mövcud “Anglo Asian Mining PLC”nin Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən tullantı anbarında sianidin səviyyəsi hökumətin müəyyən etdiyi həddən aşağı olub.

Şirkətdən bildirilib ki, flotasiya qurğusunun müvəqqəti dayanması avqust ayında mis istehsalının təxminən 400 ton və qızıl istehsalının 300 unsiya azalmasına səbəb olacaq. “Anglo Asian Mining” 2023-cü il üçün öz istehsal planını artıq nəzərdən keçirib. Beləki, bu il üçün qızıl ekvivalentində hasilat proqnozu 50 min–54 min unsiyadan 30 min -34 min unsiyaya qədər azaldılıb.

Qeyd edək ki, “Anglo Asian Mining” şirkəti Azərbaycan hökuməti ilə əməkdaşlıqda Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etirazlarına səbəb olan tullantı anbarının ikinci bəndinin tikintisi layihəsi çərçivəsində ekoloji tədqiqat aparıb. Ekoloji tədqiqata ikinci tullantı anbarının texniki və ekoloji cəhətlərinin təkrar qiymətləndirilməsi, habelə onun ehtimal olunan yerləşdiyi yer və digər əlaqəli məsələlər daxildir.

44 - Tezliklə