Azərbaycandakı qızıl istehsalçısının gəlirləri 2 %-dən çox azalıb

Sənaye
  • 27 sentyabr, 2023
  • 07:34
Azərbaycandakı qızıl istehsalçısının gəlirləri 2 %-dən çox azalıb

Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkətinin 2023-cü ilin yanvar-iyun aylarında ümumi gəlirləri 30,8 milyon ABŞ dolları təşkil edib.

Bu barədə “Report” şirkətin bu ilin 6 ayı üzrə fəaliyyəti ilə bağlı açıqladığı hesabata əsasən məlumat verib.

Bildirilir ki, bu, 2022-ci ilin ilk yarım ilin göstəricisi ilə müqayisədə 0,7 milyon ABŞ dolları və ya 2,22 % azdır.

Hesabat dövründə şirkət tərəfindən 10 506 unsiya qızıl külçələri satışı həyata keçirilib. Bu, ötən ilin ilk 6 ayı ilə müqayisədə 767 unsiya və ya 6,8 % azdır. Belə ki, bu müddət ərzində qızılın bir unsiyasının orta qiyməti 1 939 ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin birinci yarısının qiyməti ilə müqayisədə orta hesabla 38 ABŞ dolları və ya 2 % çoxdur.

“Anglo Asian Mining plc” şirkəti mis konsentratının satışından 10,4 milyon ABŞ dolları əldə edib. Bu, 2022-ci ilin ilk yarım ili ilə müqayisədə 0,6 milyon ABŞ dolları və ya 6,1 % çoxdur.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.