Azərbaycanda yaradılacaq "4.0 Sənaye Mərkəzi"ndə istehsal xətti olacaq
- 23 sentyabr, 2025
- 13:01

Azərbaycanda yaradılması planlaşdırılan "4.0 Sənaye Mərkəzi"ndə istehsal xətti olacaq, insanlar bir-birindən öyrənəcək və təcrübə paylaşacaqlar.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun(AIIF 2025) 2-cü günündə bildirib.
"Biz beynəlxalq bilik və təcrübə gətiririk. Bu məqsədlə digər böyük şirkətlərlə müqavilə imzalamışıq. Bu mərkəz sənaye üçün "vahid pəncərə" modelində fəaliyyət göstərəcək", - deyə o qeyd edib.
F.Cəfərovun sözlərinə görə, Mərkəz şirkətlərin "ağıllı sənaye"yə hazırlıq səviyyəsini diaqnostika edir.
"Qlobal bacarıq boşluğuna görə 2030-cu ilə qədər dünyada 85 milyon iş yeri boş qalacaq və bu, təxminən 8,5 trilyon ABŞ dolları itki yaradacaq. Bütün bu çağırış və imkanları nəzərə alaraq, biz hesab edirik ki, "Sənaye 4.0" yanaşması Azərbaycan şirkətləri üçün böyük imkanlar aça bilər. Onları dəstəkləmək üçün bu proqrama başladıq.
Transformasiya dəyişiklik deməkdir. Bunun üçün yeni bacarıqlara, yeni institusional struktura və texnologiyalara ehtiyac var. Biz "AzerGold" QSC, boru istehsalı və digər sektorlarda fəaliyyət göstərən bir sıra şirkətlərə səfərlər etdik. Hazırda onların vəziyyətini öyrənirik, gələcəkdə nə etməli olduqlarını müəyyənləşdiririk. Belə ki, Proqram çərçivəsində şirkətlərin biznes prosesləri, texnologiya və institusional tərəfdən "ağıllı sənaye"yə hazır olma səviyyəsi diaqnostika olunur. Sonra biz onlara rəqəmsal inkişaf və rəqəmsal dəstək proqramı təqdim edirik, yol xəritəsi veririk və həmin xəritəyə əsasən şirkətlər dəyişikliklərə başlayırlar", - deyə o qeyd edib.