Azərbaycanda qızıl hasilatıçısı mal-material ehtiyatlarının bazar dəyərini açıqlayıb
- 16 yanvar, 2023
- 13:38
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2022-ci ilin sonuna bazar dəyəri ilə mal-material ehtiyatlarının dəyərini 3,6 milyon ABŞ dolları səviyyəsində qiymətləndirib.
“Report” xəbər verir ki, bu barədə şirkətin 2022-ci ilin yekunlarına dair hazırladığı hesabatında qeyd olunub.
Məlumata görə, bura o cümlədən 2,5 milyon ABŞ dolları qızıl və gümüş külçələri və 1,1 milyon ABŞ dolları mis konsentratı daxil edilib.
2022-ci ilin sonuna "Anglo-Asian Mining Plc." şirkətinin pul vəsaitlərinin həcmi 20,3 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin sentyabr ayının sonu ilə müqayisədə şirkətin pul vəsaitlərinin həcmi 5 milyon ABŞ dolları və ya 32,7 % çoxdur.
Qeyd edək ki, 2022-ci il ərzində "Anglo-Asian Mining Plc." şirkəti 4,6 milyon ABŞ dolları məbləğində yekun dividend ödəyib.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.