Azərbaycanda qiymətli daşlar və gümüş üzrə iki yeni standart qəbul edilib

Sənaye
  • 10 sentyabr, 2025
  • 11:38
Azərbaycanda qiymətli daşlar və gümüş üzrə iki yeni standart qəbul edilib

Azərbaycanda Qiymətli metallar və qiymətli daşlar üzrə Texniki Komitə tərəfindən irəli sürülən təşəbbüs əsasında iki yeni dövlət standartı qəbul edilib.

Bu barədə "Report"a açıqlamasında Qiymətli metallar və qiymətli daşlar" üzrə texniki Komitənin sədri, Azərbaycan Zərgərlər Assosiasiyasının sədrinin müavini  Rövşən Əmircanov bildirib.

Onun sözlərinə görə, ölkədə qiymətli metallar və daşlar sahəsində normativ-hüquqi bazanın beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm addım atılıb: "Bu standart qiymətli daşların çıxarılması, emalı, istehsalı və dövriyyəsi sahəsində istifadə olunan termin və tərifləri müəyyən edir. Standartda müəyyən edilmiş anlayışlar standartlaşdırma üzrə işlərin əhatəsinə daxil olan və/və ya bu işlərin nəticələrindən yararlanan, qiymətli daşlar sahəsi ilə bağlı bütün növ sənədlərdə və elmi-texniki ədəbiyyatda istifadə üçün tövsiyə olunur".

R.Əmircanov bildirib ki, sənəddə almaz, brilyant, zümrüd, yaqut, sapfir, aleksandrit kimi qiymətli daşların növləri, emal mərhələləri və keyfiyyət göstəricilərinə dair ümumilikdə 47 termin təqdim olunub: "Standartın tətbiqi dövlət qurumları, ekspertiza və laboratoriya mərkəzləri, sertifikasiya orqanları, təhsil müəssisələri və zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulur. Standartın əsas məqsədi normativ sənədlərdə, mütəxəssis hazırlığında və sahə üzrə hüquqi aktlarda vahid anlayış sisteminin tətbiqini təmin etməkdir".

O qeyd edib ki, yeni standart yüksək saflıqlı gümüş nümunələrində gümüşün dəqiq miqdarının təyin olunması üçün ICP-OES texnologiyasına əsaslanan fərqlər üsulunu təsvir edir: "Bu metod zərgərlik məmulatlarında istifadə olunan gümüşün saflıq dərəcəsinin müəyyən edilməsində beynəlxalq standartlara uyğun yüksək dəqiqlik imkanı yaradır. Sənəddə təqdim edilən metod kütlə payı ilə gümüş miqdarı məlum olan yüksək saflıqlı standart nümunələrə əsaslanır və digər metodlarla əldə edilmiş nəticələrlə müqayisəyə imkan verir. Metod əsasən kütlə payı ilə 999 ‰ (promil) və ya daha yüksək olan gümüş nümunələrinin analizi üçün nəzərdə tutulub. Standart laboratoriya şəraitində aparılan analizlərin dəqiqliyini təmin etmək və nəticələrdə uyğunsuzluqların qarşısını almaq baxımından əhəmiyyətlidir".

R.Əmircanovun fikrincə, hər iki standartın qəbul edilməsi qiymətli metallar və daşlar üzrə normativ-hüquqi tənzimləmələrin gücləndirilməsinə, laboratoriya analizlərinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına mühüm töhfə verəcək: "Yeni sənədlər Azərbaycan Prezidentinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzi (İMEM) və Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ, həmçinin "AzerGold" QSC və Azərbaycan Zərgərlər Assosiasiyasının əməkdaşlığı ilə hazırlanaraq təsdiqlənib".