Azərbaycanda 2033-cü ilə qədər avtomobil istehsalı potensialı qiymətləndirilib
- 09 may, 2024
- 12:48
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-2033-cü illərdə Azərbaycanda istehsal gücünün gözlənilən genişlənməsi ilə əlaqədar olaraq, avtomobil istehsalı 43,4 % artaraq 2033-cü ilə qədər illik 100 min vahiddən bir qədər az olacaq.
“Report” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin struktur bölməsi olan “Fitch Solutions”ın araşdırmasında deyilir.
“2023-cü ildə Azərbaycanda ümumi avtomobil istehsalı 5 000 vahiddən az olsa da, ölkədə daha çox istehsal müəssisəsi olacağı ilə əlaqədar 2024-2028-ci illər arasında artımın əhəmiyyətli dərəcədə sürətlənəcəyini gözləyirik. 2024-cü ilin yanvarında İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “UzAvtoSanoat” və “Azərmaş” şirkətləri arasında 2026-cı ilə qədər Hacıqabul Sənaye Məhəlləsində illik istehsal gücü 30 min avtomobil olan zavodun yaradılması haqqında saziş imzalanıb (investisiya 88 milyon manat təşkil edəcək – red.). Bu sərmayələr, eləcə də “Lada” tərəfindən planlaşdırılan investisiyalar və İranın “Khodro Company” (IKCO) şirkəti ilə əməkdaşlıq çərçivəsində 2024-2033-cü illərdə istehsalın 43,4 % artımı təmin ediləcək”, - araşdırmada qeyd olunub.
Xatırladaq ki, Çinin “BYD Co Ltd” şirkəti Azərbaycanın investisiya şirkəti ilə birlikdə 2025-ci ildə Azərbaycanda illik həcmi 500 ədəd olan elektrikli avtobusların istehsalına başlayacaq. İlkin sərmayənin həcmi 34 milyon ABŞ dolları təşkil edəcək, daha sonra isə təxminən 60 milyon ABŞ dolları həcmində əlavə sərmayə qoyuluşu təmin ediləcək.
“Fitch Solutions” Mərkəzi Asiya ölkələrində avtomobil sənayesinin Ukraynada davam edən müharibədən və Qırmızı dəniz böhranından faydalanmağa davam edəcəyini düşünür. Bu, Qazaxıstan, Azərbaycan və Özbəkistanın Rusiya bazarına çıxışı, eləcə də Rusiyadan ixtisaslı kadrların gəlməsi ilə bağlıdır.
“Bu, regiondakı ölkələri, xüsusən də Rusiya ilə əhəmiyyətli əlaqələri olan ölkələri sanksiyalar riskini minimuma endirməklə böyük Rusiya bazarına çıxış əldə etmək istəyən avtomobil istehsalçıları üçün mühüm investisiya hədəfləri halına gətirib. Çindən olan avtomobil istehsalçıları 2022-ci ildən bəri bölgənin ən aktiv investorları arasındadır, son investorlar sırasında BYD, “Chery” və “Lifan” var. Həmçinin Rusiyanın orijinal avadanlıq istehsalçılarının (OEM) Mərkəzi Asiya dövlətlərində avtomobil istehsalı zavodları yaratmaqla 2022-ci ildən sonra Rusiyanı tərk etmiş işçi qüvvəsinə çıxış əldə etmək üçün daha çox çalışdığını müşahidə edirik”, - agentlik hesab edir.
“Fitch Solutions” Qazaxıstan, Azərbaycan və Özbəkistan kimi ölkələrin strateji mövqeyini nəzərə alaraq, Avropa, Çin və Cənubi Koreyadan daha çox xarici OEM-in regionda istehsal əməliyyatlarına sərmayə qoyacağını gözləyir. “Sözügedən bazarlar Çini Avropa ilə birləşdirən əsas nəqliyyat dəhlizinin üzərində yerləşir. Üstəlik, onlar Qərb OEM-lərinə orta müddətli perspektivdə İran bazarına potensial çıxış təklif edir və bu da regionu ticarət risklərinə qarşı ideal müdafiə vasitəsinə çevirir”, - araşdırmada deyilir.
“Fitch Solutions” hesab edir ki, Azərbaycan Rusiyanı dəmir yolu ilə İran, oradan isə dəniz yolu ilə Hindistanla birləşdirən beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizində əsas yer tutur: “Moskva və Tehran bu dəhlizin inkişafı üçün addımlar atır. Bu dəhliz həm də Azərbaycanda Orta Dəhliz ilə kəsişir. Bu, çox güman ki, Azərbaycanın Avrasiyada əsas nəqliyyat qovşağı kimi mövqeyini gücləndirəcək”.
Hesabata görə, Asiyanı Avropa ilə birləşdirən Süveyş kanalı dəniz marşrutuna təsir edən Yaxın Şərqdəki geosiyasi risklərin artması ilə Orta Dəhlizin inkişafı son aylarda daha da vacib olub. 2024-cü il yanvarın sonunda Avropa İttifaqı (Aİ) Şimal dəhlizinə uyğun alternativ tapmağa kömək etmək üçün buraxıcılıq məhdudiyyətlərindən əziyyət çəkən Orta Dəhliz marşrutuna 10 milyard avroya qədər sərmayə qoymağı öhdəsinə götürdü. Bununla əlaqədar “Fitch Solutions” vurğulayır ki, Orta Dəhliz Qərb investorları üçün daha cəlbedici marşruta çevrilmək üçün islahatları davam etdirməli olacaq.
Bundan əlavə, tədqiqat müəlliflərinin fikrincə, Rusiyanın avtomobil sektoru 2022-ci ildə müharibə başlayandan bəri köklü dəyişikliklərə məruz qalıb: əcnəbi OEM-lər Rusiya bazarını tərk edib, sanksiyalar isə Qərbdə istehsal olunan ehtiyat hissələrin və komponentlərin əlyetərliliyini məhdudlaşdırıb. Bu o deməkdir ki, Rusiya daxili tələbatı ödəmək üçün getdikcə daha çox avtomobil idxalına bel bağlamalı olacaq. “Həqiqətən, Rusiyada avtomobillərlə xalis ticarətin artacağını gözləyirik. Belə ki, xalis idxal 2021-ci ildəki 42 min ədəddən 2023-2025-ci illərdə təxminən 430 min ədədə qədər artacaq. Bu da Azərbaycanda və Mərkəzi Asiya ölkələrində avtomobil istehsalı potensialını vurğulayır”, - tədqiqatda göstərilib.
Hesabat müəlliflərinin fikrincə, Mərkəzi Asiya regionuna artan maraqdan ən çox Özbəkistan və Azərbaycanda avtomobil istehsalı faydalanacaq ki, bu da onların Rusiya, İran və Çinlə güclü əlaqələri ilə dəstəklənəcək. “Qazaxıstan Ukraynada müharibəyə başlayandan bəri Rusiya ilə əlaqələrini azaltsa da, onun Orta Dəhliz ticarət marşrutundakı önəmli mövqeyi və Avropa ölkələri ilə əlverişli münasibətləri həm Avropa, həm də Asiya investorlarından investisiya cəlb etməyə kömək edəcək”, - “Fitch Solutions”dan vurğulanıb.