Azərbaycan tullantı sektorunda emissiyaları azaltmaq üçün geniş tədbirlər planı hazırlayır
- 24 noyabr, 2025
- 11:39
Azərbaycan tullantı sektorunda 2035-ci il üçün emissiya azaldılması hədəflərini müəyyənləşdirib.
"Report" bu barədə yenilənmiş "Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr" (NDC 3.0) hesabatına istinadən xəbər verir.
Sənədə görə, tullantı sektorunda emissiyaların səviyyəsinin aşağı salınması üçün yaxın illərdən başlayaraq təcili addımların atılması zəruri hesab olunur.
Hökumət tullantıların idarə olunmasında yeni texnologiyaların tətbiqini, infrastrukturun təkmilləşdirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib.
2035-ci ilə qədər həyata keçirilməsi nəzərdə tutulan əsas tədbirlər aşağıdakılardır:
- ölkədə qabaqcıl çeşidləmə texnologiyalarının tətbiqi genişləndiriləcək. Yeni çeşidləmə mərkəzlərinin qurulması və mövcud infrastruktura əlavələrin edilməsi planlaşdırılır.
- üzvi tullantıların biqaza çevrilməsini təmin edən anaerob həzm (AD) zavodlarının tikintisi nəzərdə tutulur. Bu texnologiya həm tullantı həcmini azaldacaq, həm də bərpa olunan enerji istehsalına töhfə verəcək.
- müasir çirkab su təmizləmə mərkəzlərinin yaradılması planlaşdırılır. Anaerob proseslərə əsaslanan bu qurğular metanı tutmaqla emissiyaların azalmasına və enerjiyə çevrilməsinə imkan verəcək.
Sənəddə həmçinin bildirilib ki, tullantıların daşınması, emalı və poliqon infrastrukturunun mərhələli şəkildə yenilənməsi tələb olunur. Bu çərçivədə mövcud obyektlərin daha dayanıqlı standartlara uyğunlaşdırılması nəzərdə tutulur.
Ölkənin 2035-ci il hədəflərinə çatması üçün beynəlxalq maliyyə və texnoloji dəstəyə də ehtiyac olduğu vurğulanıb. Müvafiq tərəfdaşlarla əməkdaşlıq tullantı sektorunun modernləşdirilməsi prosesini sürətləndirə bilər.
Bildirilib ki, planlaşdırılan tədbirlər tullantı sektorunun dekarbonizasiyası üçün ən real və iqtisadi cəhətdən səmərəli yol xəritəsi hesab olunur.
Hesabatda vurğulanıb ki, bu tədbirlərin icrası nəticəsində tullantıların idarə olunması sahəsində daha dayanıqlı modelin formalaşdırılması gözlənilir.