Azərbaycan şərabları Sinqapur, Çin və Cənubi Koreyaya ixrac olunacaq

Sənaye
  • 05 dekabr, 2023
  • 08:08
Azərbaycan şərabları Sinqapur, Çin və Cənubi Koreyaya ixrac olunacaq

Azərbaycanın üzümçülük rayonlarından olan Şəkidə fəaliyyət göstərən “Şəki-Şərab” zavodu Sinqapur, Çin və Cənubi Koreya ilə şərab ixracına dair müqavilələr imzalanmasını planlaşdırır.

“Report” xəbər verir ki, bunu jurnalistlərə zavodun şərabçılıq şöbəsinin direktoru Vidadi Həsənov deyib.

“Şəki-Şərab” zavodu gələn il 4 milyon şərab satışını hədəfləyir.O vurğulayıb ki, Şəkidə üzüm bağları çoxdur: “Fermerlərdən Mədrəsə, Şiraz Bayanşirə üzüm sortları qəbul edilir".

Onun sözlərinə görə, müəssisə il ərzində fermerlərdən 3 milyon ton üzüm qəbul edə bilir: "Lakin hazırda tam bazara çıxa bilmədiyimiz üçün, satışımız tam istədiyimiz səviyyədə olmadığı üçün biz bu il 1400 ton üzüm qəbul edə bildik. Bu da az həcm deyil. Bu, fermerlərdə ümid yaradır ki, üzüm bağlarını inkişaf etdirsinlər. Sevindirici haldır ki, onlar daha keyfiyyətli üzüm yetişdirmək istəyirlər. Şəkidə yetişdirilən üzüm məhsuldarlığı və şirinliyi ilə seçilir".

V. Həsənov əlavə edib ki, yeni ildən müəssisədə yeni növ şərablar istehsal ediləcək: “Biz üzüm sortları ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə birlikdə işləyirik”.

Qeyd edək ki, “Şəki-Şərab” zavodu 2021-ci ildə Rusiyanın “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin yerli törəmə müəssisəsi - “AzAbrau” MMC tərəfindən özəlləşdirilib.