Azərbaycan-Çin kombi zavodu yeni istehsal sahələrini yaradır

Sənaye
  • 26 yanvar, 2022
  • 13:31
Azərbaycan-Çin kombi zavodu yeni istehsal sahələrini yaradır

Azərbaycan-Çin investisiyası əsasında yaradılmış kombi istehsalı zavodu (“Elektrogas” MMC) bu il yerli bazardakı payını və satış həcmlərini artıracaq.

Bunu “Report”a “Elektrogas” MMC-nin direktoru Elnur Cəmilli deyib.

E.Cəmilli bu il yerli bazarda yeni imkanların olmasını gözləyir: “Pandemiya ölkədə tətbiq edilən sərt karantin qaydalarına görə bazarda satışlarda durğunluq yaradıb. Yəni, alıcılıq qabiliyyəti kəskin azalıb. 2019-cu illə müqayisədə 2020-ci ildə satışlarımız xeyli azalıb. Halbuki pandemiyadan əvvəl onlayn satışlar geniş yayılmışdı. 2021-ci ildə isə artıq satışlar normal idi”.

Onun sözlərinə görə, ölkənin kombiyə olan illik ehtiyacı əvvəl 80-100 min ədəd təşkil edirdisə, 2020-2021-ci illərdə bu göstərici 40-50 min ədədi keçməyib: “Bizim istehsalımız illik 120 min ədəd təşkil edir və bazarı tam təmin etmək imkanımız var. Bununla yanaşı, bütün bazarı əhatə etməyimiz də real deyil. Çünki hər kəs fərqli markalara üstünlük verirlər. İtaliyanın, Türkiyənin istehsalı olan kombilərə üstünlük verənlər var. Məhsulumuzu orta və aşağı gəlirli təbəqəyə sata bilirik. Bizim müəssisənin istehsalı olan kombinin qiyməti 500 manat civarındadır, lakin xarici markaların qiyməti bizim məhsulumuzdan daha bahadır. Ölkədə toplu alış zamanı bizim məhsullara üstünlük verilir. Bütün dövlət təşkilatları birbaşa və ya dolayı şəkildə əksəriyyəti bizim məhsulları istifadə edirlər”.

E.Cəmilli qeyd edib ki, kombilərin istehsalı zamanı xammalın 60 % xaricdən gəlir, 40 % isə yerli komponentlərdən istifadə edilir: “Xammal Çindən gətirilir, lakin pandemiyanın ilk vaxtları müəyyən qədər çətinliklər olub və onlayn qaydada sifarişləriə keçəndən sonra bu problem həllini tapıb”.

O, istehsal sahələrinin genişləndirilməsi məsələsinə də toxunub: “Hazırda əsas hədəfimiz yerli bazardır. Əlavə istehsal sahələri qururuq. Bunlar panel radiator və alüminium radiator sahələridir. Panel radiator sahəsini artıq işə salmışıq, alüminium radiator sahəsində isə yəqin ki, bir ay ərzində istehsal başlayar”.

Xatırladaq ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə 2019-cu ilin 21 avqust tarixində “Elektrogas” MMC fəaliyyətə başlayıb. Zavodun yaradılmasına 2 milyon manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılması planlaşdırılır. Hal-hazırda investisiyaların həcmi 8 milyon manata çatdırılıb.

2019-cu ildə “Elektrogas” MMC-yə investisiya təşviqi sənədi təqdim olunub. Bu sənəd şirkətə bir sıra güzəştlərdən istifadə etməyə imkan verir. Belə ki, investisiya təşviqi sənədi şirkəti 7 il müddətinə mənfəət vergisinin 50 %-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.