"Anglo Asian Mining" I rübdə Azərbaycanda mis hasilatını təxminən 7 dəfə artırıb
- 15 aprel, 2026
- 13:17
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın "Anglo Asian Mining" dağ-mədən şirkəti 2026-cı ilin birinci rübü ərzində 6,062 min unsiya qızıl istehsal edib.
"Report" şirkətin məlumatlarına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,56 % çoxdur.
Ümumi istehsal həcminin 4,842 min unsiyasını "dore" qızıl külçələri təşkil edib, qalan 1,22 min unsiya isə flotasiya və "SART" texnologiyası vasitəsilə əldə olunub. Hesabat dövründə "Anglo Asian Mining" Azərbaycanda mis istehsalını 6,89 dəfə artıraraq 3,711 min tona, gümüş hasilatını isə 41,17 % artıraraq 42,796 min unsiyaya çatdırıb.
Hesabat dövrü ərzində şirkət "Gədəbəy" yatağından 1,462 min ton (il ərzində 2,71 dəfə artım), "Dəmirli" yatağından isə 2,249 min ton mis (orada istehsal fəaliyyətinə 2025-ci ilin sonunda başlanılıb) hasil edib.
Yanvar-mart aylarında qızıl külçələrin satışı bir unsiya üçün orta hesabla 4 728 ABŞ dolları olmaqla 4,1 min unsiya təşkil edib. Müqayisə üçün: 2025-ci ilin birinci rübü ərzində bir unsiya üçün orta hesabla 2 843 ABŞ dolları olmaqla 4,753 min unsiya satılmışdı. Konsentratın ümumi satış həcmi 45,6 milyon ABŞ dolları məbləğində 18 553 quru metrik tona (dmt) çatıb. Bu miqdarın 7 890 dmt-i (24,2 milyon ABŞ dolları) "Gədəbəy" yatağının, 10 663 dmt-i (21,4 milyon ABŞ dolları) isə "Dəmirli" yatağının payına düşüb.
Şirkətin pul vəsaitlərinin həcmi 23,2 % artaraq 37,2 milyon ABŞ dolları təşkil edib. Paralel olaraq "Anglo Asian Mining" borc yükünü 30,1 % azaldaraq 19,5 milyon ABŞ dollarına endirib. Bunun nəticəsində şirkətin xalis pul mövqeyi 7,69 dəfə artaraq 17,7 milyon ABŞ dollarına çatıb.
2026-cı ilin birinci rübün sonuna olan vəziyyətə görə satılmamış "dore" külçələrinin və mis konsentratı ehtiyatlarının dəyəri 30,8 milyon ABŞ dolları olaraq qiymətləndirilir.
"Anglo Asian Mining", "Gilar" və "Dəmirli" mədənlərinin gücləndirilməsi hesabına 2026-cı ildə mis istehsalının həcminin üç dəfə artacağını gözləyir. Qeyd etmək lazımdır ki, təkcə 2025-ci il ərzində şirkət 25,061 min unsiya qızıl, 153,332 min unsiya gümüş və 7,915 min ton mis hasil edib. "Anglo Asian Mining" 2026-cı ildə 28 mindən 33 min unsiyayadək qızıl hasil etmək niyyətindədir. Cari ildə gümüş istehsalı 170 mindən 210 min unsiyayadək, mis istehsalı isə 20 mindən 25 min tonadək olacağı proqnozlaşdırılır.
"Anglo Asian Mining" qiymətli metalların hasilatını "Gədəbəy" və "Qoşa" müqavilə sahələrindən həyata keçirir. PSA tipli müqavilə 21 avqust 1997-ci ildə imzalanıb və altı yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo Asian Mining" PLC-nin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda səkkiz müqavilə sahəsinin işlənməsi hüququna malikdir.