“Anglo-Asian Mining” Gədəbəydə fəaliyyətinin dayandırılması nəticəsində zərərini açıqlayıb
- 03 avqust, 2023
- 11:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin Gədəbəy rayonundakı flotasiya zavodunun işinin dayandırılması bu ay təxminən 400 ton mis və 300 unsiya qızıl az hasil edilməsi ilə nəticələnəcək.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Bununla belə, qızılın torpaqdan təmizlənməsi işlərinin davam etdirilməsi ilə bu ay 1000 unsiya “gold doré” (qızıl və gümüşdən ibarət dore) hasil ediləcək.
Baş verənlər "Anglo-Asian Mining Plc."nin bazar dəyərini azaldıb və fond birjalarında şirkətin 1 səhminin qiyməti 7 % azalaraq 69 peniyə düşüb.
Bundan başqa, "Anglo-Asian Mining Plc." bəyan edib ki, əməkdaşlıq etdiyi "Micon” şirkəti tullantı bəndlərini tam yoxlayıb, ətraf mühitə dair nümunələr (yerüstü və yeraltı sular, torpaq və hava) götürüb, bu il sentyabrın 8-nə qədər hökumətə və şirkətə hesabat təqdim ediləcək.
“Anglo-Asian Mining” aparılan yoxlamaların sənaye standartlarına uyğunluğundan əmin olmaq üçün "Mədən Ətraf Mühitin İdarə edilməsi" (MEM) şirkəti ilə razılığa gəlib. Həmçinin ətraf mühit nümunələri götürməsi üçün “Azecolab” şirkəti ilə də razılıq əldə olunub və nümunələr həmin şirkətin laboratoriyalarında təhlil ediləcək.
Tullantı bəndinin konsaltinq mühəndisləri və hökumət nümayəndələri Söyüdlü kəndi yaxınlığındakı tullantı saxlama anbarında olub, mövcud vəziyyətlə maraqlanıb və təklif edilən yeni bəndin sahəsinə baxış keçirib.
Götürülən nümunələrin ilkin nəticələrinə əsasən, tullantı bəndindəki sianidin səviyyəsinin hökumət qoyduğu qanuni limitdən aşağı olduğu müəyyənləşib.
Lakin ehtiyat tədbiri kimi iyulun 31-dən flotasiya zavodu fəaliyyətini dayandıran zaman mədən hasilatı da dayandırılıb.
Flotasiya zavodu “Micon”un hesabatında müəyyən edilən ətraf mühit və təhlükəsizliklə bağlı çatışmazlıqlar aradan qaldırılana qədər fəaliyyət göstərməyəcək.