Britaniya şirkəti “Dəmirli” və “Qızılbulaq” yataqlarının istismarı üçün icazə gözləyir
- 02 oktyabr, 2023
- 13:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti Qarabağda “Dəmirli” mis-molibden və “Qızılbulaq” qızıl yataqlarına çıxış ilə bağlı Azərbaycandan icazə gözləyir.
Bunu “Report”a açıqlamasında "Anglo Asian Mining Plc" şirkətinin baş direktoru Reza Vəziri deyib.
O bildirib ki, bu yataqların potensialı böyükdür və olduqca əlverişlidir: “Təəssüf ki, ermənilər bu yataqları talan edib, ekologiyaya ziyan vurub. Bu yataqlarda mina ilə bağlı təhlükəsizlik məsələləri barədə də cavab gözləyirik. Yalnız bundan sonra həmin yataqlarda işlərə başlana bilər. Orada işlər daha sürətli aparılacaq. Çünki əvvəllər qanunsuz fəaliyyət göstərənlər burada lazımi infrastrukturu qurublar”.
Qeyd edək ki, 2002-ci ildən “Base Metals” şirkəti “Dəmirli” və “Qızılbulaq” yataqlarının qanunsuz istismarına başlayıb. Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra bu yataqlarda qeyri-qanuni fəaliyyət dayandırılıb. “Base Metals” İsveçrədə qeydiyyatdan keçən “Vallex Group”un törəmə şirkətidir.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.