"Anglo Asian Mining" bu il üçün mis və gümüş istehsalı üzrə proqnozlarını dəyişməz saxlayıb

Sənaye
  • 21 sentyabr, 2026
  • 11:05
Anglo Asian Mining bu il üçün mis və gümüş istehsalı üzrə proqnozlarını dəyişməz saxlayıb

Azərbaycanda qızıl yataqlarının istismarı sahəsində fəaliyyət göstərən Böyük Britaniyanın "Anglo Asian Mining PLC" (AAM) şirkəti cari il üçün mis istehsalı gözləntilərini 20-25 min ton, gümüş istehsalı üzrə proqnozunu isə 170-210 min unsiya həddində saxlayıb.

Bu barədə "Report" şirkətin məlumatına istinadən xəbər verir. Qeyd olunan proqnozlar fevral ayında elan edilən göstəricilərlə üst-üstə düşür.

Bununla belə, şirkət qızıl istehsalı üzrə proqnozunu 28-33 min unsiyadan 26-30 min unsiyaya endirmək qərarına gəlib.

Açıqlamada bildirilir ki, "Gilar" yatağındakı qızıl daşıyan mineralların qeyri-sabitliyi ilin birinci yarısında qızılın gözləniləndən az həcmdə hasil edilməsinə səbəb olub. Eyni zamanda, mis istehsalı üzrə illik Tam Davamlı Xərclər (AISC) proqnozu da hər ton mis üçün 6-7 min ABŞ dolları səviyyəsinə endirilib.

Məlumata görə, "Anglo Asian" çoxaktivli, misə istiqamətlənmiş, orta həcmli istehsalçıya çevrilmək üzrə ortamüddətli inkişaf strategiyasının uğurla reallaşdırılacağına inamını saxlayır. 2025-ci ildə iki yeni mədənin istismara verilməsi ilə şirkət 2026-cı ildə əsas məhsul olaraq misə keçid edib. "Xarxar" və "Qaradağ" yataqlarının inkişafı planlara müvafiq olaraq davam etdirilir. Hər iki yataq şirkətin 2030-cu ilə qədər orta həcmli istehsalçı statusuna keçidini başa çatdırmasını təmin edəcək mühüm mis aktivləri hesab olunur.

Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tutub. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir.

Hazırda Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malik olan AAM hələlik iki müqavilə sahəsində - "Gədəbəy" və "Qoşa" yataqlarında qiymətli metal hasilatı ilə məşğul olur.