ADB Azərbaycanda sənaye istehsalının 2024-cü ildə sürətlənəcəyini gözləyir
- 04 aprel, 2023
- 08:58
Bu il Azərbaycanda sənaye istehsalı 0,5 %, 2024-cü ildə isə 1 % artacağı gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook” hesabatının aprel sayında bildirilir.
Sənədə əsasən, sənaye istehsalının artması əsasən qaz hasilatının daha da genişləndirilməsindən qaynaqlanacaq.
“Hökumətin 2022-2026-cı illər üçün sosial-iqtisadi strategiyasında qeyd etdiyi kimi, azad edilmiş ərazilərin bərpası planı dövlət və özəl investisiyaları dəstəkləyəcək. Buna baxmayaraq, tikinti sektorundakı artım 2022-ci ildəki 13,4 %-dən 2023-cü ildə 12 %-ə və əsas infrastruktur layihələri tamamlandıqca, 2024-cü ildə 11 %-ə qədər yavaşlayacaq.
Azərbaycanda kənd təsərrüfatının 2023-cü ildə 3,8 %, 2024-cü ildə isə 4 % artacağı proqnozlaşdırılır. Yanacaq və gübrə subsidiyaların verilməsinin davam etdirilməsi, eləcə də fermerlərə lizinq şirkəti vasitəsi ilə aşağı faizli uzunmüddətli maliyyələşdirmənin təmin edilməsi və digər güzəştli kreditlərin verilməsi kənd təsərrüfatının inkişafına təkan verəcək.
Xidmətlər sektoru isə pərakəndə ticarət və nəqliyyat sektorunun dəstəyi ilə 2023-cü ildə 7 %, gələn il isə 7,5 %-ə qədər artacağı proqnozlaşdırılır.
"Qazaxıstanın "KazmunayQaz" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında neftin nəqli ilə bağlı razılaşdırma da nəqliyyat xidmətlərini artıracaq”, -hesabatda deyilir.