Yeganə Abbasova: Azərbaycan orqan köçürülməsi sahəsində regionda öncül ölkələrdəndir
- 25 oktyabr, 2025
- 09:47
Azərbaycan orqan köçürülməsi sahəsində regionda öncül ölkələrdən biridir.
"Report"un Sumqayıt bürosu xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin İdarə Heyətinin sədri, həkim-reanematoloq Yeganə Abbasova jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, orqan transplantasiyası ümumilikdə Qafqaz üzrə 1971-ci ildə məhz Azərbaycanda həyata keçirilib. İlk qaraciyər transplantasiyası isə 2008-ci ildə canlı donordan icra olunub:
"2025-ci ildə ölkəmizdə ilk dəfə meyit donordan orqan köçürülməsi uğurla baş tutub. Qeyd olunub ki, bu nailiyyət 2022-ci ilin sonunda Nazirlər Kabinetinin qərarı ilə yaradılan mərkəzin fəaliyyətinin nəticəsidir".
Y.Abbasova diqqətə çatdırıb ki, Azərbaycan bu sahədə dünya ölkələri ilə müqayisədə çox sürətli inkişaf nümayiş etdirib:
"Məsələn, Türkiyədə belə bir mərkəz yarandıqdan sonra meyit donordan orqan transplantasiyasına 30 ildən sonra başlanılıb. Dünyada bu sahədə birinci olan İspaniyada isə ilk meyit donordan orqan köçürülməsi 10 ildən sonra həyata keçirilib. Azərbaycan isə cəmi iki il ərzində bu uğura imza atıb.
Bu hadisə Azərbaycan xalqının humanist dəyərlərə, insanpərvərliyə və yüksək intellektual potensiala malik olduğunu bir daha sübut edir".