"Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi" təqdim olunub

Sağlamlıq
  • 03 iyun, 2026
  • 12:36
Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi təqdim olunub

"Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi" təqdim olunub.

"Report" xəbər verir ki, real vaxt rejimində əhalinin sağlamlığının monitorinqinə, təkrar analizlərin aradan qaldırılmasına və sosial ədalətin təmininə xidmət edən bu mərkəzləşdirilmiş sistem 20-dən çox rəqəmsal həlli vahid platformada birləşdirib.

Tədbirdə "Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi"nin yaratdığı üstünlüklər barədə videoçarx təqdim edilib.

Səhiyyə naziri Teymur Musayev bildirib ki, rəqəmsal səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm addımlar atılıb:

"Dövlət başçısının Fərmanı ilə Birinci vitse-prezident Mehriban Əliyevanın sədri təyin olunduğu Rəqəmsal İnkişaf Şurasının yaradılması bu sahənin inkişafına ən yüksək səviyyədə göstərilən dövlət dəstəyinin əyani təzahürüdür".

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktorunun xüsusi nümayəndəsi Robb Batler Azərbaycanın səhiyyə sahəsində həyata keçirdiyi rəqəmsal transformasiya layihələrini yüksək qiymətləndirib:

"Azərbaycan səhiyyənin rəqəmsallaşdırılması üzrə Qafqaz və Mərkəzi Asiya regionunda aparıcı mövqeyə malikdir. ÜST-lə əməkdaşlıq çox uğurla davam etdirilir".

Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov "Azərbaycan Respublikasının rəqəmsal səhiyyə ekosistemi" mövzusunda təqdimatla çıxış edərək ölkədə son illər həyata keçirilən rəqəmsallaşma təşəbbüsləri barədə ətraflı məlumat verib:

"Tibbi Rəqəmsal Əkiz Sistemi təkrar analizlərə və həkim ziyarətlərinə olan ehtiyacı aradan qaldırır, vətəndaşların xərclərinə qənaət etməklə səhiyyə və tibbi sığorta sisteminin üzərinə düşən yükü azaldır, real vaxt rejimində monitorinq aparmağa, immunizasiya və skrininq kimi profilaktik tədbirlər barədə proaktiv xatırlatmalar göndərməyə imkan verir".

Beynəlxalq ekspert Mehmet Zahid Ercan isə "Tibbi Rəqəmsal Əkiz Sistemi" mövzusunda təqdimatla çıxış edərək layihənin texnoloji xüsusiyyətlərini və innovativ imkanlarını iştirakçılara təqdim edib.