ÜST və UNICEF dörd rayonda peyvəndləmə ilə bağlı maarifləndirmə kampaniyası keçirib

Sağlamlıq
  • 28 aprel, 2023
  • 08:54
ÜST və UNICEF dörd rayonda peyvəndləmə ilə bağlı maarifləndirmə kampaniyası keçirib

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) Avropa İmmunlaşdırma Həftəsində Qobustan, Yevlax, Mingəçevir və Göygöl rayonlarında peyvəndlərlə bağlı maarifləndirmə xarakterli silsilə tədbirlər təşkil edib.

"Report"un Qərb bürosu xəbər verir ki, immunlaşdırma kampaniyası çərçivəsində bu rayonlarda təxminən 150 nəfərə yaxın pediatr və vaksinator üçün təlimlər, həmçinin uşaqlarına peyvənd vurdurmaqla bağlı tərəddüd edən təxminən 500 valideynin iştirakı ilə valideyn konfransları keçirilib.

ÜST və UNICEF tərəfindən Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə baş tutan tədbirlər “Peyvəndin vaxtını gecikdirmə! Hər doza vacibdir!” şüarı altında təşkil olunub.

Valideyn konfransları zamanı Azərbaycan Tibb Universitetinin dosenti, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Bayramova və infeksionist pediatr Aytən Ziyadova tərəfindən valideynlərə uşaqların vaxtında peyvənd olunmasının əhəmiyyəti haqqında məlumat verildikdən sonra peyvəndləmədən kənarda qalan xeyli sayda uşaq yerindəcə peyvənd olunub.

Eyni zamanda həkim N.Bayramova tərəfindən Yevlax və Göygöl rayonunda, A.Ziyadova tərəfindən isə Mingəçevir rayonunda fəaliyyət göstərən 150-ə yaxın pediatrlar və vaksinatorlar üçün peyvəndlə bağlı elmi sübutlara əsaslanan son təlimatlar haqqında təlim keçirilib.

İmmunlaşdırma Həftəsi ərzində Göygöl rayonunda təşkil edilmiş sonuncu tədbirdə ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Dr. Hande Harmancı və rayon mərkəzi xəstəxanasının direktoru Vasif Əliyev iştirak ediblər.

Onlar peyvəndləmənin əhəmiyyətindən söz açıb və bu məsələdə valideynləri məsuliyyətli olmağa çağırıblar.

Qeyd edək ki, kampaniya müddəti boyunca əhali arasında maarifləndirməni gücləndirmək məqsədi ilə sözügedən rayonlarda bütün vaksinasiya məntəqələri uşaq peyvəndləri ilə bağlı çeşidli maarifləndirici materiallar ilə təmin edilib.

Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycan Ölkə Ofisi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək layihəsini həyata keçirməyə başlayıb.

Layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.