TƏBİB "Ucqar ərazilərdə tibbi xidmət" layihəsini davam etdirir
- 04 noyabr, 2025
 - 10:05
 
                            
                            
                        TƏBİB "Ucqar ərazilərdə tibbi xidmət" layihəsini davam etdirir.
"Report" xəbər verir ki, məqsəd ucqar kənd ərazilərində yaşayan əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, ahıl və həssas qruplara daxil olan şəxslərin, eləcə də uşaqların tibbi müayinələrə cəlb olunması, profilaktik tədbirlərin vaxtında həyata keçirilməsidir.
Lerik Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilən layihə çərçivəsində 200-dən çox vətəndaşa ixtisaslı həkim-mütəxəssislər tərəfindən oftalmoloji tibbi xidmətlər göstərilib.
Layihə çərçivəsində ərazidə yaşayan həssas əhali qrupları, o cümlədən müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdən keçiblər. Müayinələr zamanı ixtisaslı tibbi xidmətə ehtiyacı yaranan sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.
Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumat verilib.
Qeyd edək ki, layihənin növbəti mərhələlərdə digər bölgələrdə də keçirilməsi planlaşdırılır.