Şöbə müdiri: "İnsanlarda 80-90% hallarda miokard infarktının anginoz variantına rast gəlinir”

Sağlamlıq
  • 23 oktyabr, 2023
  • 09:24
Şöbə müdiri: İnsanlarda 80-90% hallarda miokard infarktının anginoz variantına rast gəlinir”

“Demək olar ki, 80-90% hallarda insanlarda miokard infarktının anginoz variantına rast gəlinir”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Mədinə Əzimova deyib.

O bildirib ki, xarakter şikayət döş sümüyü arxasında ağrıdır: “Bu ağrı stenokardiya tutmasından fərqlidir, daha güclü, əzabverici olub, sıxıcı, təzyiqedici, yandırıcı, göynədici xarakterlidir, ölüm qorxusu ilə müşayiət olunur. Əksər xəstələrdə ağrı sindromunun pik vəziyyətində kəskin damar çatışmazlığının əlamətləri görünə bilər (intensiv tərləmə, başhərlənmə, kəskin halsızlıq, taxikardiya, ətrafların soyuması, arterial təzyiqin enməsi və s.). Həmçinin, təngnəfəslik və ritm pozğunluqları, kəskin dövrdə bədən temperaturunun yüksəlməsi də müşahidə oluna bilər. Miokard infarktının klinik olaraq anginoz, astmatik, abdominal, aritmik, serebrovaskulyar və simptomsuz variantları mövcuddur”.