Respublika Diaqnostika Mərkəzində qanvermə aksiyası keçirildi

Sağlamlıq
  • 17 aprel, 2020
  • 15:24
Respublika Diaqnostika Mərkəzində qanvermə aksiyası keçirildi

Respublika Diaqnostika Mərkəzində talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası həyata keçirilib. 

Bu barədə "Report"a Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən məlumat verilib.

Klinikanın Daxili qan təchizatı şöbəsinin və özəl Qan Bankının mövcud olması tibbi heyətin iştirak etdiyi bu aksiyanı elə klinika daxilində reallaşdırmağa imkan verib.

Koronavirus pandemiyasının bütün dünyada sürətlə yayıldığı bir dönəmdə bu infeksiyaya immuniteti zəif və qanı normadan xeyli aşağı olan insanların daha tez yoluxma ehtimalının olmasını və talassemiya ilə mübarizə aparan uşaqların əsas risk qrupuna aid olduqlarını nəzərə alaraq, klinikanın 50 nəfərdən artıq sayda əməkdaşı qanvermə aksiyasında könüllü surətdə iştirak edib.

Talassemiyasız həyat naminə həyata keçirilən bu xeyriyyə aksiyası zamanı donor olan tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirlərinə diqqət edilib. Həmçinin qanın götürülməsi, qablaşdırılması, çatdırılması və bununla bağlı bütün prosedurların düzgün, operativ şəkildə tətbiq olunmasını təmin etmək üçün Talassemiya Mərkəzindən bir əməkdaş aksiyada koordinator olaraq iştirak edib.

Qeyd edək ki, ötən həftə bu aksiyanın RDM-in daxilində keçirilməsi ilə bağlı Respublika Talassemiya Mərkəzinə klinika tərəfindən rəsmi müraciət ünvanlanmışdı. RDM-in Baş həkimi Könül Xəlilova tibbi mərkəzin bu tip aksiyaları gələcəkdə də davam etdirəcəyini açıqlayıb.

44 filmi