Quba və Qusar sakinləri üçün Həkim Məsləhət Komissiyası yaradılıb

Sağlamlıq
  • 20 aprel, 2023
  • 09:57
Quba və Qusar sakinləri üçün Həkim Məsləhət Komissiyası yaradılıb

Quba və Qusar sakinləri üçün Həkim Məsləhət Komissiyası yaradılıb.

"Report"un Şimal bürosu xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli və idarənin digər məsul şəxsləri, xarici tibb nümayəndə heyəti və media nümayəndələri Qubaya səfər ediblər.

Səfər çərçivəsində tədbir iştirakçıları burada yaradılan şərait və komissiyanın işinin təşkili ilə yaxından tanış olublar.

Səfərin məqsədi media heyətini və Litvanın Milli Tibbi Sığorta Fondu (Tvininq layihəsinin) nümayəndələrini əlilliyin qiymətləndirilməsində vətəndaşların əyani baxışdan keçirilməsi qaydası, bu məqsədlə tibb müəssisəsində yaradılmış şərait və görülən işlərlə tanış etməkdir.

Jurnalistlərin suallarını cavablandıran H.İbrahimli bildirib ki, əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür: “Növbəti tədbir pilot layihənin icrası ilə bağlıdır. Layihənin əsas məqsədi tibb müəssisələrində Həkim Məsləhət Komissiyalarının işini təkmilləşdirmək, göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaq və vətəndaş məmnunluğunu təmin etməkdir”.

H.İbrahimli vurğulayıb ki, layihənin icrasına ilkin olaraq Quba Rayon Mərkəzi Xəstəxanasında başlanılıb: “Həkim Məsləhət Komissiyasının fəaliyyəti xəstəxanaya müraciət etmiş şəxsin və müalicə həkiminin əlilliyə göstərişin olmasına dair tibbi sənədlərinin, qoyulmuş diaqnozların düzgünlüyünə nəzarət etmək, 2022-ci ildə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına uyğunluğu yoxlamaq üçün vətəndaşın yerində əyani müayinəsini aparmaqdan ibarətdir”.

Daha sonra Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov deyib ki, vətəndaşların həkim məsləhət komissiyası tərəfindən qəbulu və əyani olaraq tibbi yoxlamanın aparılması üçün xəstəxanada qəbul və müvafiq otaqlar ayrılıb: “Müayinə otaqları bütün lazımi avadanlıqlarla - elektrokardioqrafiya, exokardioqrafiya, bronxoskopiya, portativ rentgen, ultrasəs müayinə təchiz edilib.

Quba və Qusar sakinlərinin əlillik məsələləri üzrə müraciətləri ilə bağlı həftəlik xüsusi qəbul günləri tərtib edilib. Burada həftə ərzində 70-100 vətəndaşın müraciətlərinə baxılır, mövcud sənədlər nəzərdən keçirilir, vətəndaşlar yerində müayinə olunur və müvafiq qərarın qəbulundan sonra toplanmış sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndirilir”.

Həmçinin tədbirdə qeyd edilib ki, layihə çərçivəsində Quba Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların rahatlığı və məlumatlara əlçatanlığı məqsədilə kompüter və monitorlar quraşdırılıb. Bu qurğular vasitəsilə vətəndaşlar yeni təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarları və müvafiq meyarlar üzrə gərəkli olan müayinələrin siyahısı ilə tanış ola bilirlər.