Qoşqar Təhməzli qida məhsullarının istehsalı ilə məşğul olan sahibkarlarla görüşüb

Sağlamlıq
  • 11 may, 2018
  • 12:16
Qoşqar Təhməzli qida məhsullarının istehsalı ilə məşğul olan sahibkarlarla görüşüb
Report/ Elchin Murad

Bakı. 11 may. REPORT.AZ/ Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycanda qida məhsullarının istehsalı ilə məşğul olan sahibkarlarla görüşüb.

"Report" xəbər verir ki, tədbirdə mayın 16-18-də Bakı Ekspo Mərkəzində keçiriləcək Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018”də məhsullarını nümayiş etdirəcək sahibkarlar iştirak edib.

Q.Təhməzli Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, qida məhsullarının ictimai iaşə və xidmət sahələrində istifadəsi istiqamətində qanunvericiliyin tələblərini sahibkarların diqqətinə çatdırıb.

O qeyd edib ki, Agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə yerli istehsalçıların dəstəklənməsi istiqamətində sahibkarlarla sıx əməkdaşlıq edəcək.

Daha sonra Agentliyin sədr müavini Rüfət Rüstəmzadə çıxış edib. O deyib ki, beynəlxalq sərgi yerli sahibkarlar üçün yeni müştərilərin tapılması, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün imkan yaradacaq. 

Tədbirdə çıxış edən “Iteca Caspian”ın prezidenti Fərid Məmmədov təşkil olunacaq sərginin qida sənayesi sahəsinə töhfələr verəcəyini bildirib.

Qeyd edək ki, sərgi Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.