Pozitiv siyahıya daxil olan dərmanların şərti kompensasiya məbləğinin hesablanması qaydası təsdiqlənib
- 23 oktyabr, 2025
- 12:49

Pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması qaydası təsdiqlənib.
"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Pozitiv siyahıya daxil olan dərman vasitəsinin şərti kompensasiya məbləği pozitiv siyahıya daxil edilmiş ekvivalent və oxşar dərman vasitələri (dozası eyni, lakin qablaşdırmadakı vahid miqdarı fərqli olan) arasında vahidinin qiyməti ən aşağı olan dərman vasitəsinin vahidinin qiymətinin qablaşdırılma miqdarına vurulması ilə müəyyənləşdirilir.
Pozitiv siyahıda olan dərman vasitəsinin həmin siyahıda ekvivalent və ya oxşar dərman vasitələri (dozası eyni, lakin qablaşdırmadakı vahid miqdarı fərqli olan) olmadıqda, onun razılaşdırılmış pərakəndə satış qiyməti şərti kompensasiya məbləği hesab ediləcək.
Dərman vasitəsinin razılaşdırılmış pərakəndə satış qiyməti Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi qaydası və meyarları, habelə həmin siyahıdan çıxarılması əsasları"nda nəzərdə tutulan qaydalara əsasən müəyyən olunacaq.
Pozitiv siyahıya daxil olan ekvivalent dərman vasitələrinə eyni şərti kompensasiya məbləği təyin olunacaq.