Mingəçevir xəstəxanasının rəhbərliyi bəzi KİV-lərdə yayılan xəbərlərə münasibət bildirib - FOTO
- 14 iyun, 2017
- 09:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Mingəçevir. 14 iyun. REPORT.AZ/ Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Qarabağ veteranlarına biganə yanaşması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Müəssisənin direktoru Könül Ələkbərov “Report”un Şirvan bürosuna bildirib ki, icbari tibbi sığorta pilot layihəsinin icrası ilə bağlı əsassız məlumat yayanlar xəstəxananın fəaliyyətinə kölgə salmağa çalışırlar:
“Prezident İlham Əliyevin sərəncamı ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında həyata keçirilən icbari tibbi sığorta pilot layihəsi uğurla icra olunur. Xidmət səviyyəsini daha da yüksəltmək üçün maksimum səy göstəririk. Lakin özünü Qarabağ veteranı kimi təqdim edən bir qrup şəxs fəaliyyətimizə kölgə salaraq müxtəlif təxribatçı davranış və açıqlamalar verməklə ictimaiyyətdə mənfi fikir oyandırmağa çalışır. Həm də bunu əsassız olaraq edir. Özünü Qarabağ veteranı kimi təqdim edən Natiq Həsənov adlı şəxs pilot layihə başlandığı vaxt müsəssisəmizə təşəkkür məktubları göndərib. Daha sonra birbaşa müəssisənin iş ahəngini pozmağa başladı. Müəssisənin əməkdaşlarından bəzisinin işdən çıxarılmasını, yerinə isə başqa vətəndaşların götürülməsini tələb edirdi. Onun bu istəyi yerinə yetirilmədikdən sonra başlayıb əsassız açıqlamalar verməyə... Verdiyi açıqlamalarda məni vətəndaşlara, veteranlara, şəhid ailələrinə və əlillərə biganə münasibət göstərməkdə ittiham edib. Bir daha bildirirəm ki, Natiq Həsənovun açıqlamaları reallıqdan uzaqdır və yalnız təxribat xarakteri daşıyır. Artıq İcbari Tibbi Sığorta Agentliyi ilə birgə Natiq Həsənov barədə hüquq-mühafizə orqanlarına müraciət etmişik”.
K.Ələkbərov əlavə edib ki, Natiq Həsənov barədə Müdafiə Nazirliyinə müraciət olunub: “Müdafiə Nazirliyindən müraciətimizə cavab olaraq Natiq Nəriman oğlu Həsənovun Qarabağ veteranı iştirakçısı vəsiqəsinin Müdafiə Nazirliyinin aparatı nəzdindəki veteran adları siyahısında yer almadığı bildirilib. Həmçinin nazirlikdən aldığımız rəsmi cavabda qeyd edilib ki, Natiq Həsənova nazirlik xətti ilə veteran vəsiqəsi verilməyib”.