Elsevər Ağayev: "Azərbaycanda 10 mindən artıq dərman preparatının qiyməti dövlət tərəfindən tənzimlənib"
- 28 sentyabr, 2017
- 09:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 sentyabr. REPORT.AZ/ "Artıq Azərbaycanda qeydiyyatda olan 10 mindən artıq dərman preparatının qiyməti dövlət tərəfindən tənzimlənib".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda qeydiyyatda olan bütün dərman preparatlarının demək olar ki, hamısına Tarif Şurası tərəfindən baxılıb və vahid qiymət qoyulub.
E.Ağayev bildirib ki, bu məsələ daima rotasiya olunan, təkmilləşən prosesdir: "Bəzi dərman preparatlarının qeydiyyatının vaxtı qurtarır, Azərbaycanda yeni dərmanlar qeydiyyata düşür. Bu proses daima davam etdirilir".
Nazir müavini Azərbaycanda xarici ölkələrin dərman zavodlarının tikintisi məsələsinə də aydınlıq gətirib: "İranla birgə dərman zavodunun tikilməsi məsələri İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Ötən il bu zavodun təməli qoyulub və işlər davam etdirilir. İranla yanaşı, Rusiya tərəfinin də dərman zavodu inşa edilir. Bundan əlavə, Yaponiya və Koreya mütəxəssislərinin birgə şirkəti də yaradılıb ki, o da şprislərin istehsalı ilə məşğul olacaq”.