Elektron siqaretin qadağan olunma səbəbləri – Azərbaycan və dünya praktikası

Sağlamlıq
  • 17 dekabr, 2025
  • 11:40
Elektron siqaretin qadağan olunma səbəbləri – Azərbaycan və dünya praktikası

Milli Məclis Azərbaycanda elektron siqaretlərin qadağan olunması haqqında qanun layihəsini müzakirə edib. Layihəyə əsasən, maye halda buxarlanmadan qaynaqlanan elektron siqaretlərin ölkədə idxalı, istehsalı, satışı və istifadəsi qadağan edilir.

ÜST: "15 milyon yeniyetmə elektron siqaretdən istifadə edir"

Bu məsələnin təklifi təsadüfi deyil. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elektron siqaretdən istifadə ilə bağlı qlobal hesabat yayımlayıb. Hesabata görə, hazırda dünyada 100 milyondan çox insan elektron siqaretdən istifadə edir və onların ən azı 15 milyonu 13-15 yaşlı yeniyetmələrdir. ÜST qeyd edib ki, bunun istehsalı və satışı ilə məşğul olanlar sosial media və ictimai fikrə təsir göstərən şəxslər vasitəsilə daha çox uşaqları hədəf alır. Bu səbəbdən parlamentdə elektron siqaretlərin reklamının da qadağan edilməsi təklif olunub.

Milli Məclisdə müzakirəyə çıxarılan müvafiq qanunlara dəyişiklik layihəsinə əsasən, bu məhsulların xüsusi təsnifatı da verilir. Belə ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Elektron siqaret qida, tütün, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.

Qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək. Qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.

Beləliklə, elektron siqaret kimi təsnif edilən məhsullar tam qadağan edilir.

Elektron siqaretlərin tərkibində xərçəngə səbəb olan kimyəvi maddələr var

Reallığa nəzər saldıqda görürük ki, elektron siqaretlər ənənəvi siqaretlərə alternativ kimi təqdim edilsə də, xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb. Bunun səbəbi məhsulların rəngarəng dizaynda, müxtəlif meyvə və şirniyyat dadları ilə təqdimatıdır. Siqareti tərgitmək istəyən şəxslər üçün nəzərdə tutulduğu deyilsə də, təcrübədə heç vaxt siqaret çəkməyən yeniyetmələr və gənclərin buna aludəçiliyinə gətirib çıxara bilir.

ÜST də məhz öz hesabatında ölkələrə çağırış edərək yeniyetmələr arasında elektron siqaret və digər nikotin məhsullarının istifadəsinə nəzarətin artırılmasını tövsiyə edir.

Dünya praktikasında elektron siqaretlərin insan sağlamlığına zərərləri haqqında çoxsaylı araşdırmalar, hətta qeydə alınan faciəvi nümunələr var.

Mütəxəssislər hesab edirlər ki, elektron siqaretlərin tərkibində nikotin olduğuna görə bu yüksək dərəcədə asılılıq yaradır. Nikotin narahatlıq və depressiyanı daha da pisləşdirir. Həkimlər deyirlər ki, düşünülənin əskinə, elektron siqaretlər ənənəvi siqaretlərdən asılılığı azaltmır, əksinə, insanların tütün çəkmək istəyini artırır. Nəticədə yuxu problemləri, xərçəngə səbəb olan kimyəvi maddələrə məruz qalma, xroniki bronxit, həyat üçün təhlükə yaradan ağciyər zədələnməsi kimi və bir çox hallar da yarana bilər.

46 ölkə elektron siqaretlərin istifadəsini tamamilə qadağan edib

2020-ci ildə Amerika Birləşmiş Ştatlarında (ABŞ) elektron siqaretdən epidemiya qeydə alınıb. Məlumata görə, həmin il məhz elektron siqaretlərin fəsadları nəticəsində ağciyər zədələnməsi diaqnozu ilə 3 minə yaxın insan xəstəxanaya yerləşdirilib. Onların 68 nəfəri həyatını itirib. Bundan sonra ABŞ və daha 82 ölkədə elektron siqaretlərin satışına icazə verilsə də, istifadəsinə məhdudiyyətlər tətbiq olunub.

Norveç, Braziliya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Hindistan da daxil olmaqla 46 ölkə isə elektron siqaretlərin istifadəsini, ümumiyyətlə, qadağan edib.

Hazırda Almaniya və Fransa kimi bir çox Avropa ölkəsi də daxil olmaqla 43 ölkədə satışına icazə verilsə də, elektron siqaretlərin tərkibindəki nikotin və digər komponentlərə məhdudiyyət var.

Elektron siqaretlərin satışına və istifadəsinə məhdudiyyətlər tətbiq edən ölkələrin hər birinin öz əsaslandırması var. Məsələn, Rusiyada 2024-cü il martın 1-dən aromatizatorlu elektron siqaretlərin satışı qadağandır. Qeyd edilir ki, xüsusi dadlandırıcısı olmayan elektron siqaretlər həvəskarlar üçün cəlbediciliyini itirir.

Azərbaycanda elektron siqaret istifadəsi adiləşib

Azərbaycanda məsələnin bu dərəcədə aktuallaşması isə siqaret istifadəçiləri arasında yeniyetmə və qadınların sayının artması ilə əlaqələndirilir. Xüsusilə sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz reklamlar nəticəsində ölkədə elektron siqaret istifadəsi, demək olar, adiləşib. Hətta insanların əksəriyyəti bunun daha az zərərli olduğuna inanmaqdadır.

Ona görə də parlamentarilər düşünürlər ki, elektron siqaretlərin müxtəlif komponentlərinə məhdudiyyət qoyulması, yaxud yalnız bir istiqamətdə - ya satışına, ya da istifadəsinə qadağa qoyulması daha zərərli alternativlərin ortaya çıxmasına səbəb ola bilər.

Deputat: "Elektron siqaret əyləncə kimi təqdim edilir"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili də layihəni şərh edərkən qeyd olunan məqamları təsdiqləyib. Deputat hesab edir ki, bu tip elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və istifadəsinin qadağan olunması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər ictimai sağlamlıq baxımından əsaslandırılmış və vaxtında atılan addımdır:

"Qeyd edildiyi kimi, artıq 40-dan çox ölkədə bu məhsullar qadağan edilib. Birincisi, elektron siqaretlər xüsusən yeniyetmələr və gənclər arasında nikotin asılılığının genişlənməsinə şərait yaradır. Dadlandırıcılar, cazibədar dizayn və marketinq siqaretə "zərərsiz alternativ" kimi yanlış təsəvvür formalaşdırır, bunu əyləncə kimi təqdim edir və ilk istifadəyə giriş baryerini aşağı salır. Bu isə uzunmüddətli perspektivdə həm tütün məhsullarına keçidi, həm də nikotin asılılığının dərinləşməsini artırır.

Tahir Mirkişili

İkincisi, bu məhsulların tərkibi və keyfiyyətinə nəzarət praktikada çətindir: bazarda standartlardan kənar, qeyri-qanuni və mənşəyi şübhəli məhsulların dövriyyəsi geniş yayılıb. Nəticədə risk yalnız nikotinlə məhdudlaşmır; insan sağlamlığı üçün mənfi nəticələr yaradan kimyəvi qarışıqların istifadəsi ehtimalı yüksəlir. Tərkibində müxtəlif kimyəvi maddələr olan buxarların insan orqanizminə, xüsusilə də tənəffüs yollarına verəcəyi ziyanlar dünyada artıq sübut edilib.

Üçüncüsü, qadağa dövlətin iqtisadi və profilaktik səhiyyə siyasətinin məntiqi davamıdır: xəstəlik yarandıqdan sonra müalicə xərclərini artırmaqdansa, risk faktorlarını məhdudlaşdırmaq daha effektiv və daha ucuz yanaşmadır. Bu qərar təkcə fərdi sağlamlığı deyil, həm də ailələrin sosial rifahını və əmək məhsuldarlığını qorumağa xidmət edir".

T.Mirkişilinin fikrincə, idxal-istehsal-satış-istifadə zəncirinin bütövlükdə qadağan olunması, xüsusilə gənclərin qorunması və uzunmüddətli səhiyyə yükünün azaldılması üçün məqsədyönlü, ictimai marağa uyğun qərardır.

"Bu həm də ölkədə insan kapitalının qorunmasına yönələn mühüm siyasətdir", deyə o əlavə edib.

AQTA: Elektron siqaret nikotin epidemiyasını başqa formaya gətirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) da elektron siqaretlərin qadağasının tərəfdarıdır. Belə ki, qanunun müzakirəsində iştirak edən AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova deyib ki, Agentliyin araşdırmalarına görə, elektron siqaretlər vasitəsilə orqanizmə gedən formaldehidin (formaldehid - kimyəvi maddə-red.) həcmi təhlükəli işlərdə olduğundan 20 dəfə çoxdur:

"Orta elektron siqaretlərin tərkibi, onların tankerlərinin həcmi 2 ml-dən 20 ml-ə qədər fərqlənir. Ən minimalını götürək – 2 ml-lik. Bu, təxminən 600 "vape" nəfəsi deməkdir. Yəni 600 dəfə o elektron siqaretdən nəfəs almağı təqlid etmək üçündür. Elmi məlumatlar deyir ki, bir nəfəs zamanı orqanizmə gedən formaldehidin həcmi 1 mikroqramdır. Bir oturuşumda təxminən 60 nəfəsdən istifadə olunduğu nəzərə alınsa, bir cihaz ortalama 10 dəfə, hər dəfəsində də 60 nəfəs istifadə oluna bilər. Bir "vape" nəfəsi təxminən 50-70 ml hava deməkdir. Biz normal tənəffüs vaxtı bundan 10 dəfə artıq nəfəs alırıq. Amma cihazdan alırıqsa, bu bizim ağız boşluğumuzun həcmi ilə məhdudlaşır".

Elektron siqaretlərin nikotin epidemiyasını sanki başqa formaya gətirdiyini vurğulayan AQTA rəsmisi xatırladıb ki, Dayanıqlı İnkişaf Məqsədlərinin bir neçəsi tütün istifadəsinin dünyada azaldılmasına xidmət edirdi:

"Lakin sonuncu bəyanatda bu mesaj verilməyə çalışır ki, tütün istifadəsi, 2000-ci ildən 2024-cü ilə qədərki 24 ildə tütün istifadəsi 30%-ə yaxın azalıb. Lakin elektron siqaretlərin artması sanki bu nikotin epidemiyasını başqa formada gətirib daha başqa istifadəçi profillinə – yeniyetmələrə təqdim edir. Həyəcan təbili çalınmalı hissə budur.

Bir çox mənbələrdə bu suallar hər zaman verilir ki, niyə siqaret daha təhlükəli olduğu halda qadağan edilmir, sırf elektron siqaretlər üzərindən addımlar atılır. Tütün məmulatlarında, xüsusilə siqaretlərdə yüzillərdir, risk mövcuddur, bu bilinir. Dünya səhiyyə qurumları tərəfindən həmin risk proqnozlaşdırılıb, istifadəçi profili yetkinlərdir, Azərbaycanda isə daha çox kişilərdir. Təhlükənin yeniyetmə və qadınlara gəlib çatması isə daha böyük problemlərə səbəb ola bilər".

Beləliklə, Azərbaycanda elektron siqaretlərin qadağasını ehtiva edən qanun layihəsinin qəbulu, daha sonra tətbiqi ölkədə elektron siqaretlərin idxalı, istehsalı, satışı, istifadəsi və reklamını bütünlükdə qadağan etməklə insan sağlamlığının daha yaxşı mühafizəsinə, gələcəkdə yarana biləcək problemlərin indidən qarşısının alınmasına xidmət göstərəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti