Əhliman Əmiraslanov: Azərbaycanda insanların donorluğa olan münasibəti çox dəyişib

Sağlamlıq
  • 31 oktyabr, 2026
  • 12:19
Əhliman Əmiraslanov: Azərbaycanda insanların donorluğa olan münasibəti çox dəyişib

Azərbaycanda ürək transplantasiyası üçün növbə gözləyən şəxslərin sayı olduqca çoxdur.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümü münasibətilə təşkil olunan "Ürək transplantasiyası həftəsi" çərçivəsində keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda orqan transplantasiyası sahəsində çoxsaylı işlər görülür:

"Azərbaycanda 2025-ci ilin oktyabr ayından bu günə qədər artıq dörd ürək transplantasiyası həyata keçirilib. Bu sahədəki işlərin inkişafı baxımından işlər davam etdirilir".

Ə.Əmiraslanov onu da qeyd edib ki, Azərbaycanda insanların donorluğa olan münasibəti çox dəyişib:

"Əvvəl ölkəmizdə insanlar öldükdən sonra orqanlarının bağışlanmasına müsbət yanaşmırdısa, indi bu çox dəyişib. Artıq insanlar könüllü donor olmaq üçün müraciət edirlər və bu say yetərincədir. Lakin hələki Azərbaycanda transplantasiya əməliyyatları sahəsində inkişaf ölkəmizlə eyni əhali sayı və inkişafı olan ölkələrlə müqayisədə zəifdir. Bu səbəbdən inkişaf üçün ciddi işlər görülməlidir".

Komitə sədri bildirib ki, dövlət büdcəsindən səhiyyə xərcləri üçün təxminən 2 milyard 100 milyon manat vəsait ayrılıb:

"İcbari tibbi sığortanın xərcləri də nəzərə alındıqda, bu məbləğ əhəmiyyətli dərəcədə artır. Əvvəlki illərdə səhiyyə xərcləri təxminən 800 milyon manat olduğu halda, hazırda bu göstərici 4 milyard manat civarındadır".

Komitə sədri səhiyyə sisteminin idarəetməsinin Səhiyyə Nazirliyinin tabeliyində birləşdirilməsinin gələcəkdə bütün sahələrdə, o cümlədən orqan transplantasiyası sahəsində vəsaitlərdən daha səmərəli istifadəyə imkan verəcəyini vurğulayıb.

44 filmi