Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun üçüncü günü öz işinə başlayıb
- 20 iyun, 2023
- 06:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Ümummili Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun üçüncü günü öz işinə başlayıb.
“Report” xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Milli Məclisin deputatları, tibb ekspertləri, dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən həkimlər və media nümayəndələri iştirak ediblər.
Azərbaycan səhiyyəsinin yeni mərhələyə qədəm qoyduğunu xatırladan V.Qurbanov bildirib ki, tibb sahəsində islahatların uğurla davam etdirilməsi birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Xarici ölkələrdə təhsil alan həkimlərin dövlət tibb müəssisələrinə işə qəbulunun daha bir il uzadıldığını xatırladan qurum rəhbəri əlavə edib ki, bu qərar tibb sahəsində kadr çatışmazlığının aradan qaldırılmasında mühüm rol oynayacaq.
TƏBİB-in icraçı direktoru vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqindən sonra ölkədə özəl tibb müəssisələrinə müraciətlərin sayı azalıb: "Bu hal ölkədə tibb sahəsindəki rəqabətliliyi artırmaq baxımından xüsusilə vacibdir. Beləliklə, rəqabətlilik nəticəsində özəl tibb mərkəzləri də tibbi avadanlıqlarını daha da mükəmməlləşdirməyə çalışırlar. Eyni zamanda bu gün dövlət tibb müəssisələrində elə əməliyyatlar həyata keçirilir ki, hətta bir sıra xarici ölkələrdə bu əməliyyatlar dövlət tibb müəssisələrində aparıla bilmir. Bizim ən böyük hədəflərimizdən biri Azərbaycan həkimini dünyaya tanıtmaq, həmçinin vətəndaşımızın tibbi xidmət almaq üçün xaricə üz tutmasına ehtiyacının olmaması üçün çalışmaqdır. Biz istəyirik ki, əksinə, insanlar xaricdən Azərbaycana tibbi xidmət almaq üçün gəlsinlər. Bununla həm də Azərbaycanda tibb turizminə də töhfə vermək mümkün olacaq".
Daha sonra simpozium “tibb sahəsində innovativ yanaşmalar, əczaçılıqda son nailiyyətlər”, “təbabətin aktual problemləri”, “süni intellektin və yeni texnologiyaların tibb sahəsində tətbiqi” adlı panellərlə müzakirələr davam etdirilib.
Panellər ölkədə və xaricdə fəaliyyət göstərən həkim və tibb ekspertlərinin moderatorluğu ilə baş tutub.
Xatırladaq ki, Ümummili Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun açılış mərasimi Heydər Əliyev Mərkəzində, ikinci günü isə Quba və Lənkəranda həyata keçirilib.
Qeyd edək ki, simpoziumun bağlanış mərasimi çərçivəsində 22 iyunda azərbaycanlı həkimlərin Şuşa şəhərinə səfəri nəzərdə tutulub.