Bu il Yeni Klinikada 70 mindən çox topuq testi müayinəsi aparılıb

Sağlamlıq
  • 28 oktyabr, 2025
  • 09:12
Bu il Yeni Klinikada 70 mindən çox topuq testi müayinəsi aparılıb

Bu ilin 9 ayı ərzində Yeni Klinikanın Daban testi otağında 71 min 450 topuq testi müayinəsi aparılıb.

TƏBİB-dən "Report"a verilən məlumata görə, müayinələrdən keçən yeni doğulanların sayı 14 min 290 olub.

Nəticələrlə bağlı yeni doğulanların valideynləri aidiyyəti üzrə tibb müəssisəsilərinə dəvət olunub.

Aşkar edilən xəstəliklərə uyğun olaraq onlara hansı ixtisaslı həkimə müraciət edilməsi barədə məlumatlar verilib, maarifləndirmə işi həyata keçirilib.

Qeyd edək ki, TƏBİB tabeli tibb müəssisələrində olan doğum şöbələrində topuq testi üçün götürülən nümunələr laborator müayinə üçün Yeni Klinikaya göndərilir. Burada olan xüsusi laboratoriyada "Guthrie kartları" adlandırılan xüsusi filtr kağızları üzərində 5 yerdə qeyd edilən qan nümunələrində fenilketonuriya (amin turşularının metabolizminin pozulması), qalaktozemiya (bədəndə artıq qalaktoza şəkərinin yığılması), kistik fibroz (metabolizm prosesinin pozulması), adrenogenetal sindromu (böyrəküstü vəzilərin irsi xəstəliyi) və hipotireoz (qalxanabənzər vəzinin funksiyasının zəifləməsi) xəstəliklərinin izləri axtarılır.

Topuq testi yenidoğulmuşların topuq nahiyəsindən qan nümunəsi götürülməklə həyata keçirilir. Qan nümunəsi vaxtında doğulan və qidalanmağa başlayan uşaqlardan doğuşdan 2 gün sonra, vaxtından tez doğulan uşaqlardan isə 1 həftə sonra götürülür.

Topuq testi nümunələrinin götürülməsi, eləcə də sözügedən xəstəliklərin müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində dövlət tibb müəssisələrində həyata keçirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti