Azərbaycanın həmsərhəd bölgələrində zərərvericilərin geniş yayılmasının səbəbi açıqlanıb - RƏSMİ

Sağlamlıq
  • 06 oktyabr, 2025
  • 11:55
Azərbaycanın həmsərhəd bölgələrində zərərvericilərin geniş yayılmasının səbəbi açıqlanıb - RƏSMİ

Bu il sentyabr ayının sonlarından Qəhvəyi mərmər bağacığının qışlama üçün sığınacaq yerləri axtarması onun Gürcüstandan kütləvi şəkildə Azərbaycan ərazilərinə miqrasiyasına səbəb olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bilidirilib ki, Gürcüstanın müvafiq qurumlarının aparılan mübarizə tədbirləri, habelə zərərvericinin biologiyasına uyğun olaraq sentyabr ayının sonlarından qışlama üçün sığınacaq yerləri axtarması onun kütləvi şəkildə Azərbaycan ərazilərinə miqrasiyasına səbəb olur.

Qəhvəyi mərmər bağacığı Gürcüstanın Azərbaycanla həmsərhəd bölgələrində geniş yayılıb və beynəlxalq istinadlara görə, 2016-cı ildə həmin ölkədə fındıq istehsalına 53-69 milyon ABŞ dolları həcmində ziyan vurub.

Son günlər ölkənin müxtəlif bölgələrində ictimai-iaşə obyektlərində, yaşayış evlərində, təsərrüfat tikililərində, anbarlarda və digər qapalı məkanlarda bağacığın daha çox rast gəlinməsi də bununla əlaqədardır.

"Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi yalnız aidiyyəti dövlət qurumlarının deyil, həm də sahibkarların və ailə təsərrüfatlarının öhdəliyidir. Buna görə də mübarizə tədbirlərində onların bilavasitə iştirakı zəruridir. Müvafiq dövlət orqanları öz öhdəliyinə düşən tədbirləri həyata keçirsə də, sahibkarlar, fermerlər və vətəndaşlar zəruri mübarizə tədbirlərini yerinə yetirmədiklərinə görə dövlət qurumları tərəfindən keçirilən mübarizə tədbirləri istənilən nəticəni vermir və bu da zərərvericinin artmasına səbəb olur", - agentlikdən məlumat verilib.

Vurğulanıb ki, zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır:

"Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir".

AQTA-nın mütəxəssislərinin respublika ərazisində apardığı monitorinq zamanı Qəhvəyi mərmər bağacığının yetkin fərdlərinin evlərin çardaqlarında, yarımtikililərdə asılmış və ya yerləşdirilmiş köhnə paltarlardan, pərdələrdən, xalçalardan, boş karton qutulardan qışlama yerləri kimi istifadə etdikləri müşahidə edilib. Belə ki, belə "sığınacaqlara" toplaşaraq qışlayan yetkin fərdlərin daha sonra yığılaraq mexaniki yolla məhvi mümkündür.

Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir.

Azərbaycanın həmsərhəd bölgələrində zərərvericilərin geniş yayılmasının səbəbi açıqlanıb - RƏSMİ

Son xəbərlər

Bütün Xəbər Lenti