Azərbaycanda olan çinlilərlə ünsiyyət koronavirus təhlükəsi yaradırmı? - MÜSAHİBƏ

Sağlamlıq
  • 04 fevral, 2020
  • 13:11
Azərbaycanda olan çinlilərlə ünsiyyət koronavirus təhlükəsi yaradırmı? - MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin Sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımovun “Report”a müsahibəsi:

- Azərbaycanda koronavirus epidemiyası ilə bağlı vəziyyət necədir? Hər hansı şübhəli fakt qeydə alınıbmı?

- Ölkədə vəziyyət sabitdir, heç bir şübhəli hal yoxdur. Buna baxmayaraq, koronavirusa qarşı profilaktik tədbirlər həyata keçirilir. Çindən gələn vətəndaşlarımız və əcnəbilər tibbi müşahidədə saxlanılırlar. Bir sözlə, bütün lazımi tədbirlər görülür.

- Virusdan qorunmaq üçün qoruyucu maskalardan istifadə nə qədər effektlidir?

- Qoruyucu maskalardan istifadənin üstünlüyü xəstə şəxsin başqasını virusa yoluxdurmaması, eyni zamanda onun sağlamlığını qoruması deməkdir. Yeni virus hava-damcı infeksiyasıdır. Deməli, insan öskürəndə və ya asqıranda bu ifraz olunur. Ona görə tövsiyə olunur ki, qoruyucu maskalardan istifadə edilsin. 

- Bir çox ölkədə hazırda qoruyucu maskalara təlabat artıb və qıtlıq yaranıb. Azərbaycanda bu sahədə vəziyyət necədir? Maska qıtlığı varmı?

- Bu gün üçün Azərbaycanda qoruyucu maska baxımından hər hansı qıtlıq müşahidə olunmur. Ölkədə kifayət qədər qoruyucu maska var. Hələlik təşviş yoxdur, ona görə də kütləvi şəkildə maska almaq halı mövcud deyil. 

- Azərbaycanda yaşayan və işləyən Çin vətəndaşları ilə ünsiyyətin hər hansı riski varmı?

- Onlarla ünsiyyətin heç bir riski yoxdur. Əgər bizim vətəndaş koronavirusun sürətlə yayıldığı Çinin Uhan şəhərindən gəlibsə, o daha risklidir, nəinki uzun müddətdir Çində olmayan və Azərbaycanda yaşayan şəxslər. Ona görə də Azərbaycanda olan çinlilərlə ünsiyyət heç bir təhlükə yaratmır. 

Şeyx Təmim bin Həməd Al Tani və İlham Əliyev
Şeyx Təmim bin Həməd Al Tani və İlham Əliyev

- İnsanlar hansı halda həkimə müraciət etməlidir?

- İnsan səhhətində hər hansı problem yaranan kimi həkimə müraciət etməlidir. Hərarət qalxırsa və digər əlamətlər olsa, deməli, bədəndə hansısa proseslər gedir. Həkim də həmin şəxsi düzgün istiqamətləndirəcək.

- Azərbaycanda koronavirus şübhəsi olan xəstələri aşkarlamaq üçün ölkəyə gətirilən testlərdən istifadə olunurmu?

- Həm müalicədə, həm profilaktikada, həm də diaqnostikada göstəriş olmalıdır ki, hansı halda hansı tədbirlər görülməlidir. Odur ki, bu sahədə bütün lazımi addımlar atılır.