Azərbaycanda hərəkət məhdudiyyətli 4 161 qız ev şəraitində tibbi müayinəyə cəlb olunub

Sağlamlıq
  • 26 may, 2026
  • 17:05
Azərbaycanda hərəkət məhdudiyyətli 4 161 qız ev şəraitində tibbi müayinəyə cəlb olunub

Hazırda 65 şəhər və rayon üzrə TƏBİB tabeli tibb müəssisələrində dispanser qeydiyyatında olan hərəkət məhdudiyyətli 4 161 qızın yaş qruplarına uyğun ixtisaslı həkimlər tərəfindən ev şəraitində tibbi müayinəsi aparılır.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş aksiya çərçivəsində ana, qadın və uşaq sağlamlığının yaxşılaşdırılması məqsədilə TƏBİB tərəfindən hərəkət məhdudiyyəti olan uşaqların evdə tibbi müayinələrinin aparılmasına başlanılıb.

Proqram çərçivəsində uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilir, xroniki xəstəliklər erkən aşkarlanır, müalicə-profilaktik tövsiyələr verilir və tibbi-sosial reabilitasiyaları planlaşdırılır. Bundan əlavə, yeniyetmə qızların reproduktiv sağlamlığı da daxil olmaqla yaşa uyğun digər sağlamlıq aspektləri üzrə qiymətləndirmələr həyata keçirilir.

Dispanserizasiya müayinələri sahə həkiminin iştirakı olmaqla pediatr, oftalmoloq, otorinolarinqoloq, nevroloq, ginekoloq, stomatoloq və digər dar ixtisaslı həkimlər tərəfindən aparılır.

Təşəbbüs çərçivəsində tibbi müayinələr hər bir uşağın yaşadığı ünvanda aparılır. Müayinələr zamanı xəstəliklərlə bağlı anamnez toplanır, fiziki müayinələr və funksional qiymətləndirmə aparılır, həmçinin gündəlik fəaliyyət səviyyəsi və köməkçi vasitələrə ehtiyac müəyyən edilir. Bununla yanaşı, göstəriş əsasında laborator analizlər üçün nümunələr götürülür.

Təkərli oturacaqla təmin edilən 1 132 uşaq üçün əlavə reabilitasiya xidmətləri və köməkçi vasitələrə ehtiyaclar müəyyənləşdirilir, valideynlərə isə evdə qulluq, fizioterapiya prosedurları, gündəlik baxım və qidalanma ilə bağlı müvafiq tövsiyələr verilir. Bütün müayinələr elektron sistemdə qeydiyyata alınır. Ehtiyac yarandığı halda uşaqların ixtisaslaşdırılmış tibb müəssisələri və ya reabilitasiya mərkəzlərinə göndərişi təmin olunur.

Bakı şəhəri üzrə müayinələr uşaqların qeydiyyatda olduğu ilkin səhiyyə xidməti müəssisələri (poliklinika), rayonlar üzrə isə rayon mərkəzi xəstəxanalarının Ailə Sağlamlıq Mərkəzləri tərəfindən həyata keçirilir.

Bu günədək ölkə üzrə 555 qızın tibbi müayinəsi aparılıb, onlardan 294-ü yaş göstərişinə uyğun olaraq ginekoloji müayinədən keçib. Müayinələr nəticəsində müəyyən edilən tibbi ehtiyaclar əsasında 8 uşaq stasionar müalicə üçün xəstəxanaya, 76 uşaq isə müvafiq reabilitasiya xidmətlərinə yönləndirilib.

44 - Tezliklə