Statistika Komitəsi boyatma və zəiflik problemi olan uşaq və yeniyetmələrin sayını açıqlayıb
- 07 noyabr, 2016
- 16:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanda anemiya, yod, A vitamini çatışmazlığı, boyatmanın ləngiməsi və zəiflik problemi olan 18 yaşınadək yeniyetmə və gənclərin sayı açıqlanıb.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ölkədə ilk dəfə qoyulan diaqnozla 28018 nəfər 18 yaşınadək yeniyetmədə anemiya xəstəliyi qeydə alınıb. 2014-cü illə müqayisədə bu xəstəlik artıb. Belə ki, həmin il anemiya diaqnozu qoyulanların sayı 24769 nəfər olub.
Eyni zamanda, ötən il yod çatışmazlığı diaqnozu 353 nəfərdə, A vitamini çatışmazlığı 35, boyatmanın ləngiməsi və zəiflik isə 723 yeniyetmə və gəncdə qeydə alınıb.
Hazırda müalicə və proflaktika müəssisələrində anemiya xəstəliyindən qeydiyyatda 22627 nəfər 18 yaşınadək yeniyetmə var. Bu da əhalinin hər 100 000 nəfərinə 874 nəfər edir.
A vitamini çatışmazlığından xəstəliyi ilə bağlı qeydiyyatda olan yeniyetmələrin sayı 62, yod çatışmazlığından qeydiyyatda olanların sayı 512-dir. Boyatmanın ləngiməsi problemi ilə müalicə müəssisələrində qeydiyyatda olanların sayı 642 nəfərdir ki, bu da əhalinin hər 100 mininə 24,8 nəfər deməkdir.