ATU-nun kafedra müdiri: “Səhiyyədə ailə həkimi institutunun rolunun gücləndirilməsinə ehtiyac var”

Sağlamlıq
  • 30 may, 2018
  • 12:22
ATU-nun kafedra müdiri: “Səhiyyədə ailə həkimi institutunun rolunun gücləndirilməsinə ehtiyac var”
sehiyye.gov.az

Bakı. 30 may. REPORT.AZ/ "Ailə həkimi institutunun inkişafının yeni mərhələsində icbari tibbi sığortanın rolu" mövzusunda tələbə və rezidentlərlə görüş keçirilib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov bildirib ki, səhiyyədə ailə həkimi institutunun rolunun gücləndirilməsinə və bu məqsədlə müvafiq qanunun qəbul edilməsinə ehtiyac var. O qeyd edib ki, ATU gələn ildən etibarən ailə həkimi ixtisası üzrə rezidentlərin təhsil almasını təmin edəcək. Rezidenturanı bitirənlər "ailə həkimi" ixtisasına yiyələnəcəklər.

Kafedra müdiri 2002-ci ildə ATU-da poliklinik terapiya kafedrasının bazasında ailə təbabəti kafedrası yaradıldığını da diqqətə çatdırıb.

Daha sonra SN-nin Kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova ailə həkiminin fəaliyyət istiqamətləri, işinin təşkili və vəzifələri barədə görüş iştirakçılarına məlumat verib. O, ailə həkiminin ilkin səhiyyə xidmətinin göstərilməsindəki rolundan bəhs edərək gələcəkdə bu sahə üzrə kadrlara böyük ehtiyac duyulacağını qeyd edib.

Görüşdə İcbari Tibbi Sığorta Dövlət Agentliyinin Səhiyyə departamentinin səhiyyə siyasəti və klinikikodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova çıxış edərək iştirakçılara icbari tibbi sığorta sistemi çərçivəsində ailə həkimi institutunun inkişafının vacibliyini bildirib, tələbələri bu sahənin gələcək perspektivləri və beynəlxalq təcrübəsi haqqında məlumatlandırıb.